AZ

Səma dərvişliyinin sənət hüsnü İlham Rəhimli yazır

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İlham RƏHİMLİ

Səma ərəb sözüdür. İki mənası var: göy, asiman, fələk; eşitmək, diqqət etmək, dinləmək. Qədim səma dərvişlərinin anlamında qulağa xoş gələn, duyğulara sığal çəkən musiqi mənasını da verir.

Səma dərvişlərinin, başqa sözlə, fırlanan dərvişlərin mərasimlərində (rituallarında) qeyri-adi performansı ilə bağlı türk professoru Fuad Yöndəmli çox ciddi elmi tədqiqatlar aparıb. Onun qənaətinə görə, dərvişlərin təlim zamanı müəyyən bir nizamla hərəkətlərini Günəşin və planetlərin, hətta elektronların kainatda müəyyən bir ahəngdarlıqla və nizamla fırlanması ilə eyniyyət təşkil etdiyini elmi dəlillərlə sübuta yetirib. Performans, fərdin (eləcə də komandanın, sistemin, toplumun) müəyyən bir məqsədə çatmaq, tapşırığı yerinə yetirmək üçün göstərdiyi fiziki, zehni (eləcə də texniki) fəaliyyətlərin fəallıq, effektivlik və məhsuldarlıq nəticəsidir. Bu, sadəcə işi görmək deyil, onu qabiliyyət, şərait və istək daxilində yüksək səviyyədə tamamlamaq bacarığıdır.

Konyada yaşamış Anadolu müdriki Mövlanadan başlamış Səma dərvişliyi təxminən səkkiz əsrdir insanı kamilliyə səsləyir. Dünyanın sayılıb-seçilən dühalarından, böyük mənəviyyat ustadlarından olan Mövlana Cəlaləddin Rumi (29.9.1207-16.12.1273) günü bu gün də öz şeirləri, fikirləri, təsəvvüf fəlsəfəsi ilə insanlara sülh, sevgi və mərhəmət hissləri aşılayır. Kamilliyi, müdrikliyi, ilahi qüdrəti ilə qəlblərə toxunur, düşündürür, mənəvi yüksəlişə, təkamülə çağırır, gözəllik duyğuları aşılayır. Təsəvvüf kökü yunandan gələn ərəb sözüdür, sufilik mələyi təriqətidir.

Alim Qasımov səsinin sehrli cazibəsi, nəfəsinin genişliyi, ifasının qüdrəti, muğam sənətinin təsəvvüf, irfan (xəbərdar olmaq, təsəvvüfdə Allahı dərk etmək) fəlsəfəsi ilə tamaşaçı-dinləyiciləri düşündürür, pak hisslərini oyadır, gözəlliyi misra-misra, şirinliyi qətrə-qətrə duyğulara aşılayır.

Mövlana bütün həyatını təsəvvüf fəlsəfəsinə və sufi ənənəsinə həsr edib. Təsəvvüf fəlsəfəsi - Yaradanı və həyatı ürəklə, ruhla, hisslə dərk etmək, eşq və mərhəmət yolu ilə kamilliyə çatmaq fəlsəfəsidir.

Alim Qasımov yaradıcılığının ikinci dövründə (XX əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq) sufi ənənəsinin xanəndəlik sənətində fundamental ifa konsepsiyasının özülünü qoyub. Muğamı coşqun ruhu, pak eşqin qaynar şövqü, insanlıq mərhəmətinin müqəddəsliyi, xanəndəliyin təsəvvüf fəlsəfəsi ilə oxuyub-səsləndirməyin kamil ustadıdır.

Mövlana yaradıcılığının və fəlsəfəsinin əsas məqsədi insanları birliyə, sevgi və mərhəmətə dəvət etməkdir.

Alim Qasımovun xanəndəliyinin fəlsəfi mahiyyəti, sənətinin poetik qüdsiyyətinin mayası, kamillik zirvəsinə çatdırdığı ifasında səsin və sözün harmoniyası sevgi və mərhəmətin paklığı, ülvililiyi, şirinliyi ilə yoğurulub. Bu varlıq insanları mehribanlığa, səmimiyyətə, mərhəmətə, ruhi azadlığa, mənəvi ülviyyətə səsləyir.

Mövlana Şərqli-Qərbli bəşəriyyət üçün insan ruhunun müdrik və qüdrətli, müqəddəs və pak azadlıq simvoludur.

Alim Qasımov nəğmələrini Allah eşqinə oxuyur, səsinin sehri gur sevgi işığı ilə ürəkləri ovsunlayıb dinləyənləri ilahi varlığa tapındırır.

Alim Qasımov xanəndə avazındakı səs və sözlə, coşqu və sehrlə batini bir aşiqdir, poetik ruhlu kamil sənətkardır. Onun sənətinə tamaşaçı-dinləyici məftunluğunun əzəmətli bir hüsnü də elə bundadır.

Alim Qasımovun müəyyən muğam, təsnif, mahnı ifalarının Səma dərvişlərinin fırlanma mərasiminin bədii-estetik prinsipləri ilə müəyyən uyğunluğunu sezmək, duymaq, hətta forma və məzmun harmoniyasının bənzərliyini görmək mümkündür.

Alim Qasımovun ifası səslənən musiqi ilə müşayiət olunan müəyyən nizamda, kamil harmoniyada "fırlanan" fikri və hərəkəti emosional duyğular bürümündə ifadə edir.

Alim Qasımovun səmada səs fırlatması sözlə musiqinin ahəngdar vəhdətini nizamlayır. Və bu nizam ifanın məqsəd və ideyasının fəlsəfi-psixoloji mahiyyətini, ruhi paklığını, ülviyyətini, munisliyini pardaqlayıb cilalayır, eşidib-dinləyənlərin ruhlarını təmizləyir və emosional duyğularını ehtizaza gətirir.

Alim Qasımov sehrli zümzüməsi ilə fırlanan fikir-məna, həzz-ruhsallıq dumanında dodağına təbəssüm qonan qönçələrə çiçək açdırır. Və bu qönçələr çiçəkləndikcə xanəndənin ifası dinləyicinin iliyinə işləyir, idrakının içində, təxəyyülünün ahəngində fırlanır.

Alim Qasımov gözlərini yumub səsinin gücünü, məlahətini, zərifliyini nalə, haray, imdad çarmıxına çəkə-çəkə sanki öz səsini görür. Görə-görə də səmada çaxan ildırım kimi onu istədiyi ölçüdə, istədiyi ağırlıqda, istədiyi ləngərdə, istədiyi ahəngdə sürətlə, amma biçimli hərəkət dinamikasında fırladır, dolandırır, hərlədir, cövlan etdirir.

Alim Qasımovun səsi zil notların əlçatmaz ucalığında qərar tutur və bu zaman xanəndənin hərəkətlərinə də kəmənd atıb onu zirvəyə - öz yanına çəkir. Yanına çəkməklə kifayətlənmir, onu coşqun, qaynar, çılğın ehtirasla bağrına basır. Dinləyici-tamaşaçının qulaq vərdişi daim aşağı-yuxarı, sağa-sola "fırlanmaqla" xanəndənin səsinin sehrli burulğan tufanına düşür.

Alim Qasımovun göstərdiyi ecazkar səs "hoqqaları" dinləyici ruhunu həzin-həzin öz cazibə orbitində fırladır, fırlada-fırlada da fikir, duyğu, zövq (geniş mənada təsəvvüf) kəməndinə salır.

Alim Qasımovun səsi ilə hərəkətləri musiqinin füsunkar ritmində cəngə girirlər və bu "savaşda", bu "çarpışmada" avazla duyğunu, hisslə həyəcanı, çılğınlıqla həzinliyi, coşqunluqla kövrəkliyi sarmaşıq kimi bir-birinə dolayır.

Alim Qasımovun səsinin qüdrəti, gözəlliyi, cazibəsi, şövqü vüsala yetən sevgililər kimi qol-boyun olurlar. Həmin qol-boyunluq cazibəsində sehrli bir sənət hikməti, ayrılmazlıq qüdrəti duyulur.

Alim Qasımov səsini və sözlərini öz dodağından yaz kəpənəyi kimi uçurdur. Bu poetik gözəllikdə möhtəşəm mənəvi, ruhi tumarın, gur leysanın şiddətinin gözəlliyi, ilahi ruhu var. İlahi ovqatın digər qanadı Nəsiminin, Füzulinin, Seyid Əzimin, Nəbatinin, Vahidin... qəzəllərinin misralara düzülmüş ecazkar ruhudur.

Bəli, cəsarətlə, inamla deyirəm: Alim Qasımov nadir xanəndələrdəndir ki, bülbül kimi cəh-cəh vuranda sözlə səsi, fikirlə mənanı, ruhla duyğunu durna qatarı kimi səf-səf düzür, havada göyərçin kimi süzdürür, şahin kimi şığıyıb qiyyə çəkdirir, qartal kimi qayalara dövrə vurdurur.

Alim Qasımov aramla, ahəstə-ahəstə, qəzəlin məna yükünü ruhumuza hopdura-hopdura ehtirasının yüyən-cilovunu buraxır və hayqıran zəngulələr güclü fəvvarələrdən fışqıran su şırnağının büllur inciləri kimi ətrafa səpələnir.

Alim Qasımov hərdənbir, yəni məqamı düşəndə burunda "oxumaq" (buna qünnə deyilir; ağız yumulu halda) üsulunda elə zərifliklə, elə məharətlə sənətkarlıq incəlikləri nümayiş etdirir ki, heyrətdən mat qalmamaq mümkün deyil. Əsas məharət ondadır ki, xanəndə səsi bir müddət burunda uzatdıqdan sonra ehmallıca ağıza keçirir. Bu zaman səsin ahəng ayrılığı sərt şəkildə qətiyyən hiss olunmur.

Alim Qasımov istər bəm, istərsə də zil pərdələrdə səsin həcmini ustuf-ustuf, aram-aram, ona tumar çəkə-çəkə, pillə-pillə, tədricən genişləndirərək istədiyi həddə çatdırır.

Alim Qasımovun səsi ahəngdə rəvandır, ritmdə qıvraqdır, zildə oynaqdır, zəngulədə səlisdir, söz qatarı aydındır, cingiltisi dayanıqlıdır, axıcılığı dalğavarıdır, təsir gücü enerjilidir.

Alim Qasımov şövqlə muğam oxuyanda döşünə yatan məqamda, keçmiş zamanlarda xanəndələrin dilə gətirdikləri sözlə desəm, irtical (improvizə) edir.

Alim Qasımovun irticalları xanəndənin ifa rəşadətinin, yaradıcılıq hünərinin əsas məziyyətlərinin bir incisi kimi onun sənətkarlığının hüsnünü, təravətini, məlahətini, təsir gücünü və nəhayət, emosional sehrini artırır.

Dəfələrlə olub ki, Alimin muğamını dinləyəndə fikirləşmişəm: görəsən, o, bu səs və söz fırfırasını istədiyi yüksəkliyə, istədiyi səmtə, istədiyi enerji ilə necə fırladır... Dəqiq cavab tapa bilmirəm və onda qənaətə gəlirəm ki, bu, adi bəndənin, adi xanəndənin işi deyil, Tanrının ilahi vergisidir. Həmin vergi Nəsiminin duyğusu kimi laməkan deyil, Alimin qəlbində kirpik çala-çala öz növbəsini - sehrli libasını geyinib-bəzənməsini gözləyir. Məqamı çatanda Simurq quşu kimi qanadlanıb muğam səmasında süzməyə başlayır. Qəfildən beynimdə belə bir dəli fikir baş qaldırır: Alim bəlkə də səsinin göylərdə, ərşi-əlada cövlan etdiyi məqamlarda gözünü ona görə yumur ki, Simurq (Zümrüdü-Ənqa) quşu onu tərk etməsin, istədiyi kimi şövqlə qanad çalsın.

Alim Qasımovun səsinin sehrbazlıq qüdrəti də var. Bu qüdrət elə ilk andan dinləyici-tamaşaçını ovsunlayır və onun həzz almaq, ləzzət duymaq, duyduğunu dərk etmək mexanizmini işə salır. Elə buna görə də Alimin ifası təkcə türkdilli xalqları deyil, ərəbi də, almanı da, fransızı da, ingilisi də, ispanı da, yaponu da, çinlini də, Cənubi Amerika xalqlarını da, Afrika zəncilərini də... bir sözlə, bəşər övladını ülvi hisslərlə duyğulandırır. Duyğulandırıb da öz sehrinin cazibəsinə sala bilir.

Onun ifa dilinə tərcüməçi lazım gəlmir, səsin sehri öz işini kamil ustalıqla, yüksək səviyyədə, minnətsiz, təmənnasız görür.

2015-ci ildə Azərbaycanın paytaxtında keçirilən Avropa Oyunlarının təntənəli açılışı Bakı Olimpiya Stadionunda Alim Qasımovun muğam ifası ilə başladı. Texnikanın gücü ilə xanəndənin stadionun qaranlıq fəzasında uçan xalça üzərindəki möhtəşəm çıxışı gurultulu alqış fırtınası yaratdı. Heyrət, heyrətin nəhayətsiz sevinci məni bürüdü. Bu heyrət mənzərəsində uzun illər axtardığım, ehtimal etdiyim sualın cavabını tam dəqiqliklə tapdım: Alim Qasımov sehrli səsi ilə yerdən göyə, göydən yerə körpü salan sənət aşiqidir, irfan xiridarıdır.

Sehrli xalçada dünyanı gəzən, gəzib insanları heyrətləndirən, heyrətləndirib duyğularını katarsisdən (mənəvi təmizlənmədən) keçirən, katarsis paklığında təsəvvüf fəlsəfəsini dərindən-dərinə, ruhən idrak edən səma dərvişidir.

Muğam sənətinin, geniş mənada nəğmə ifaçılığının, nəğməkarlığın səma dərvişi!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
525.az

1Mənbələr