AZ

Osman Atasevən: Teatr bir eşq məsələsidir...

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Türkiyəli aktyor, bir çox film və seriallarda rol almış sənətçi Osman Atasevən ötən ay özünün yaratdığı "Tiyatro 2Bir" teatrının "Aşkın yapay provası" adlı tamaşası ilə ölkəmizdə qonaq idi. Azərbaycana ilk dəfə səfər etdiyini deyən gənc sənətçi öz duyğu və düşüncələrini bizimlə paylaşdı, suallarımızı səmimiyyətlə cavabladı.

Müsahibəyə keçməzdən öncə Osman Atasevən haqqında qısa arayış verərək qeyd edək ki, o, 1995-ci ildə Konyada dünyaya gəlib. İlk və orta təhsilini burada tamamlayıb. Universitet illərində orta məktəb dövründən başlayan teatr marağının ardınca gedərək Bursa Şəhər Teatrı, İstanbul Şəhər Teatrı və Sadri Alışık Mədəniyyət Mərkəzində təhsil alıb. Müxtəlif teatr və serial layihələrində aktyor kimi fəaliyyət göstərən Atasevən 2023-cü ildə "Tiyatro 2Bir"i yaradıb.

- Osman bəy, Azərbaycana xoş gəlmisiniz. İstərdim, əvvəlcə Azərbaycanla bağlı duyğularınızı, fikirlərinizi eşidək. Yəqin ki, Bakını gəzmək imkanınız da olub...

- Bəli, Bakının çox gözəl olduğunu eşitmişdim, amma bu qədərini təxmin etmirdim. Umduğumdan daha gözəl, daha canayaxındır. Burada çox gözəl ruh var. Şəhərin öz memarlığını qoruyub-saxlaması, təmiz küçələri insanı valeh edir.

- Sizi Azərbaycana gətirən səbəb sənət oldu. Elə sizin də bu sənətə - teatra sevginizdən danışmaq istərdim. Bu sevgi necə başladı və necə davam edir?

- Şablon kimi səslənsə də, uşaqlığımdan, hələ məktəb illərimdən teatrı çox sevmişəm. Amma peşəkar olaraq, ilk ali təhsilimi teatr ixtisası üzrə almamışdım. Sonra isə magistratura təhsilimi teatr ixtisasından aldım. Həmin dövrdə Türkiyədə özəl teatrlarda fəaliyyət göstərirdim. Bir çox tamaşalarda rollarım oldu. Sonra isə öz teatrımızı qurmaq qərarına gəldik. Çünki bu sahədə İstanbulda hazırda vəziyyət çox çətindir. Bütün sənətçilər hansısa yollarla öz sənətlərini davam etdirməyə çalışırlar. Biz də öz sənətimizi tamaşaçılara təqdim edə bilmək üçün bir neçə sənətçi dostumuzla birləşib öz teatrımızı yaratdıq. Azərbaycanlı aktyor dostum, indi də Azərbaycana gəlməyimdə başlıca səbəbkar olan Nahid Abbaszadə, aktrisa həmkarımız Hale xanım və digər dostlarımızla öz tamaşalarımızı qurmağa qərar verdik. Artıq üç ildir ki, öz teatrımızı yaşatmağa və daha da inkişaf etdirməyə çalışırıq.

Bakıya teatrla gəlməyimiz isə xüsusilə əlamətdardır. Çünki Nahidlə 10 ildir dostluğumuz olmasına baxmayaraq, mən onu doğulduğum Konyaya, o isə məni Bakıya gətirib çıxara bilmirdik. Mən də Nahidi ilk dəfə Konyaya teatr səbəbi ilə aparmışam. Fikrimcə, bu təsadüf çox gözəl oldu. Həm sevdiyimiz işlə məşğuluq, həm də görmək istədiyimiz yerlərə səfər edə bilirik.

- Türkiyədə gənc sənətçilər daha çox seriallara, filmlərə can atırlar. Amma belə başa düşdüm ki, siz teatrı daha üstün tutanlardansınız.

- Serial, film, manekenlik sektoru gənclər üçün daha cazibədardır. Çünki orada həm şöhrətə, həm də pula çatmaq çox daha asan olur. Ona görə də gənclərin oraya getməsini anlayıram. Mənimsə sevdiyim obraz yaratmaqdır və bunun harada olmasının bir fərqi yoxdur. Mən sənətin özünü sevirəm. Harada, necə olması ilə çox da maraqlanmıram. Kamera önündə də, səhnədə də, sosial mediada da eyni işi görmək mənim üçün çox xoşdur. Amma yenə də teatr daha üstün gəlir. Bura canlı sənətdir, tamaşaçı ilə birbaşa əlaqədə olursan. Buna görə teatr mənə daha çox zövq verir.

- Bəzən deyirlər ki, teatr filmdən daha çətin bir sahədir. Çünki burada gizlənəcəyin yer yoxdur. Sizi də bu çətinlik özünə çəkmiş ola bilərmi?

- Bəlkə də... Bayaq da dediyim kimi, teatr canlı sənətdir. Kinoteatrın hazırda bir çox alternativləri var. Biz filmləri rahatlıqla öz telefonumuzda, evimizdəki televizordan, kompüterdən izləyə bilirik. Amma teatrın belə bir alternativi yoxdur, ola da bilməz. Məsələn, pandemiya zamanında kinoteatrlara gedə bilməsək də, evimizdə istədiyimiz filmə baxırdıq və onun yoxluğunu elə də hiss etmirdik. Ancaq pandemiya bitər-bitməz Türkiyədə teatra müdhiş bir axın oldu. Bu da çox normaldır. Axı onun yerinə qoya biləcəyimiz bir alternativ yoxdur. Bizim ustadlarımız teatra "ər meydanı" deyirlər. Çünki burada gizlənəcəyin, səhv edəndə yenidən təkrar edəcəyin bir yer yoxdur. Teatr səhnəsində kimsənsə, osan. Əgər bir səhvin varsa, onu da tamaşaçı ilə paylaşa bilirsən. Teatr kollektiv yaşanan bir sənətdir.

- Türkiyədə tamaşaçılar necədir? Onların teatra marağından razısınızmı?

- Pandemiyadan sonra teatra inanılmaz axın yaşandı, maraq artdı. Hər sahədə olduğu kimi, burada da bir ticarət, kommersiya var. Buradakı həmin potensialı görən ticarətçilər bu dəfə də teatra axın etməyə başladılar. Məşhur sənətçilər serialların, filmlərin çətin vəziyyətinə görə yenidən teatra yönəldilər. Ona görə də tamaşaçıların bəzilərinin teatra baxışları dəyişdi. Bəzi insanlar teatra tamaşa seyr etməyə deyil də, məşhur bir sənətçini görməyə gəlirlər. Bu bir tərəfdən, insanların ayağını teatra alışdırmaq baxımından sərfəli ola bilər, amma digər tərəfdən işin özünü arxa planda qoyur. Buna görə də Türkiyədə, xüsusən İstanbulda özəl teatrlarda qarışıq bir vəziyyət hökm sürməkdədir. Bu baxımdan dövlət teatrları daha səliqəli bir şəkildə yoluna davam edir.

Həm də Türkiyədə teatrı çox sevən, hətta ən gənc teatrları, sənətçiləri izləyən bir kütlə də var. Onlar az olsa da, var və onların varlığı bizi çox sevindirir. Çalışırıq ki, onların sayını artıraq.

- Osman bəy, sizcə, aktyorluq üçün istedad, yoxsa təhsil şərtdir? Bu sualı ona görə verirəm ki, Türkiyədə serial, film sektorunda kifayət qədər bu sənətin təhsilini almayan, fərqli sahələrdən, xüsusən, modellikdən buraya gələnlər var və sevilirlər də...

- Məncə, əsl aktyor olmaq üçün həm istedad, həm də təhsil şərtdir. İstedad xammaldır, təhsil isə o xammalı işləyib təqdim edən bir vasitə. Məncə, gözəl bir material üçün o ikisi də birlikdə olmalıdır. Biri olmazsa, material tam tamamlanmaz. Məsələn, gənclikdə istedad daha çox önə çıxa bilər, amma yaş artıqca bilgi, təcrübə və təhsil öz sözünü deyir.

- "Aşkın yapay provası" tamaşası ilə Bakının qonağısınız. Bu tamaşa sizin üçün nə ifadə edir?

- Biz Nahidlə 10 illik dost olsaq da, üç ildir bir evdə yaşayırıq və teatrımızı da birlikdə qurmuşuq. Amma çox uzun zamandır onunla birlikdə bir tamaşada oynamırdıq. Bu bizim üçün bir ehtiyac idi. İkimiz də eyni tamaşada rol almağı, birgə çalışmağı çox istəyirdik. Bir gün Nahid dedi ki, mən bir pyes yazmışam. Sonra o pyesi oxudum və mənə çox maraqlı gəldi. Əsər çox dinamik və həyəcanlı bir əsərdir. Ona görə də bu əsəri səhnələşdirmək qərarına gəldik. Lakin həm pyesin, həm də onun səhnə versiyasının üstündə çox uzun müddət işlədik. 2025-ci ilin yayında isə artıq onun səhnə üçün hazır olduğu qərarına gəldik. Əsərdəki üçüncü obrazı-qadın obrazını dostlarımız olan aktrisalardan seçməkdənsə, kastinq keçirdik və Dilarə Uzun seçildi. Biz Dilarəni tanımırdıq, ilk dəfə bu kastinqdə tanış olduq və əsəri oynadıqca da doğru seçim etdiyimizi anladıq.

Biz bu tamaşanı çox sevərək hazırladıq. Hazırlıq prosesində özümüzə ilk verdiyimiz sual da bu oldu ki, biz tamaşaçı kimi bu əsəri izləyərdikmi? Mən öz adıma deyim ki, bir tamaşaçı kimi çox böyük zövqlə izləyə biləcəyim bir əsərdir. Bu tamaşa həm də məni ilk dəfə Azərbaycana gətirən əsər kimi də özəldir. Buna görə Nahid Abbaszadəyə bir daha təşəkkür edirəm.

- Sizcə, bu tamaşanı izləyən insan sonda nə əldə edəcək?

- Düzü, mən ta əvvəldən tamaşa ilə izləyiciyə hansısa mesajın verilməsinin önəmli olmadığını düşünmüşəm. Mesaj olsun, çox gözəl, amma belə bir şərtə ehtiyac yoxdur. Bir komediya kimi, bu əsər insanlara yorğun iş gününün sonunda çox gözəl, gülüş və həyəcan dolu 80 dəqiqə bəxş edəcək. Kimsə gəlib orada öz yorğunluğunu çıxara, öz dərdlərindən, problemlərindən 1 saatlıq da olsa, uzaqlaşa bilirsə, demək ki, biz məqsədimizə çatmışıq.

Bundan əlavə, günümüzdə hər şey çox keçicidir. Hər şey kimi duyğularımızı da çox üzdə, keçici yaşayırıq. Xüsusən, bu tamaşa insanlara göstərir ki, sevgi kimi, eşq kimi duyğularda keçici olmaq, onu sürətli yaşamaq olmaz. Bu mövzular daha çox zaman, anlayış və əmək istəyir.

- Sizcə, bu gün gənclər teatra niyə gəlməlidirlər?

- Peşə olaraq, teatrı seçmək üçün bir səbəb deyə bilmərəm. Çünki teatr bir eşq məsələsidir. Əgər insanın bu sahəyə sevgisi, marağı varsa, o, bütün digər alternativləri, ona daha çox maddi imkan, rahat şərait vəd edən sahələri arxasında qoyub yenə də teatra gələcək. Məsələn, mən uşaqlığımdan teatra maraq göstərirdim, amma ona bu qədər aşiq olduğumu bilmirdim. Ona görə də teatra gələnə qədər neçə fərqli sahələrdə çalışdım, hüquq fakültəsində oxudum. Amma sən demə, mənim qəlbimin və beynimin bir tərəfindən teatr həmişə qalıbmış ki, sonunda yenə də teatra gəlib çıxdım, özümü burada tapdım. Əgər teatrı həqiqətən sevirlərsə, teatr onlara istədiklərini mütləq bir gün verəcək, onu seçməkdən qorxmasınlar.

Tamaşaçı olaraq isə niyə seçməlidirlər, bunu açıqlaya bilərəm. Günümüzdə həyat çox sürətlidir. Biz bir anlıq dayanıb düşünməyə, olduğumuz yerdə qalmağa imkan tapmırıq. Evdə film izləyərkən bir yanda telefonda mesajlaşırıq, sosial mediada "gəzirik". O anın hissini yaşaya bilmirik. Teatr isə tamaşaçısına məhz bunu vəd edir. Həmin an olduğu yerdə qalmağı, izlədiyini hiss etməyi, bundan zövq almağı vəd edir. Bəzən teatr insanlara çox köhnə, arxaik sənət kimi gələ bilər, amma elə deyil. Teatr çox qədim sənət olsa da, tez-tez yenilənən, inkişafa can atan, günümüzlə ayaqlaşan sənətdir. Bu baxımdan teatrı gənclərə hər zaman məsləhət görürəm.

Şahanə MÜŞFİQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
525.az

1Mənbələr