15 may 2026-cı il tarixində YAP Yasamal rayon təşkilatında Şəhərsalma və Memarlıq ili çərçivəsində “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib. Tədbirdə Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov və bir sıra dövlət qurumlarının rəhbər şəxsləri, AMEA-nın alimləri, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfrans çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti və şəhərsalma ənənələrinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Açılış nitqi ilə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirin əhəmiyyətindən danışaraq, şəhərsalma və təhlükəsizlik məsələlərinin müasir dövrdə xüsusi aktuallıq daşıdığını vurğulamışdır.
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov ölkədə fövqəladə hallara hazırlıq, risklərin azaldılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat vermişdir.