AZ

Tehranın pozulan Bağdad planı: Yeni Baş nazir, Ağ Evin yeni oyun qaydası

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Yaxın Şərqdə geosiyasi savaşın ən mühüm cəbhələrindən biri hesab olunan İraqda yeni hökumətin formalaşdırılması əslində təkcə daxili siyasi hadisə deyil. Bu proses ABŞ–İran qarşıdurmasının, region uğrunda böyük güclərin mübarizəsinin və Yaxın Şərqin gələcək siyasi arxitekturasının mühüm elementidir.

İraq parlamentinin yeni baş nazir kimi Ali al-Zaydi hökumətini təsdiqləməsi ilk baxışda adi hakimiyyət dəyişikliyi kimi görünsə də, prosesin pərdəarxası tamam fərqli geosiyasi mesajlar verir. Çünki Bağdadda aylarla davam edən siyasi böhran, baş nazir postu ətrafında aparılan sərt mübarizə və nəticədə kompromis namizəd üzərində razılıq əldə olunması bir daha göstərdi ki, İraq hələ də ABŞ və İranın strateji rəqabət meydanıdır.

Əslində prosesin ən mühüm detalı sabiq baş nazir Nuri al-Malikinin yenidən hakimiyyətə qayıdışının qarşısının alınması oldu. Şiə siyasi qüvvələrinin mühüm hissəsi Malikinin namizədliyini dəstəkləsə də, Vaşinqton buna açıq şəkildə etiraz etdi. ABŞ Prezidenti Donald Trump-ın Malikini “çox pis seçim” adlandırması və onun hakimiyyətə qayıdacağı təqdirdə Vaşinqtonun Bağdada dəstəyi dayandıracağını bəyan etməsi əslində açıq siyasi ultimatum idi.

Trampın:“Biz kömək etməsək, İraqın uğur, çiçəklənmə və azadlıq şansı sıfıra bərabər olacaq” açıqlaması Vaşinqtonun İraqdakı proseslərə nə qədər sərt müdaxilə etdiyini göstərdi.

Nəticədə Bağdad geri çəkilməli oldu və tamamilə yeni, kompromis fiqur olan Əli əl-Zeydi üzərində razılıq əldə edildi. Bu isə ABŞ-ın İraqda hələ də həlledici təsir imkanlarını qoruduğunu nümayiş etdirdi.

Burada əsas məsələ yalnız Malikinin şəxsiyyəti deyildi.

Problem onun İranla yaxın münasibətləri idi.

Vaşinqton hesab edir ki, Malikinin hakimiyyətə qayıdışı: İranın Bağdaddakı təsirini daha da artıracaq; şiə silahlı qruplarının dövlət üzərində nəzarətini gücləndirəcək; ABŞ-ın bölgədəki strateji maraqlarına zərbə vuracaq; İraqı yenidən Tehran orbitinə yaxınlaşdıracaq.

Məhz buna görə ABŞ bu dəfə açıq şəkildə prosesə müdaxilə etdi və nəticədə şiə “Koordinasiya Çərçivəsi” geri çəkilərək yeni namizəd üzərində razılığa gəldi.

Bu hadisə Yaxın Şərqdə yeni geosiyasi reallığın formalaşdığını göstərir.

Vaşinqton İranla regional savaşın ən kritik mərhələsinə daxil olduğu bir vaxtda İraqı itirmək istəmir. Çünki İraq İran üçün strateji bufer zonadır; Körfəzə çıxış xəttidir; şiə geosiyasi təsir dairəsinin əsas mərkəzidir; Suriya və Livana uzanan “şiə dəhlizi”nin mühüm hissəsidir.

ABŞ isə məhz bu xətti qırmağa çalışır.

Əslində Vaşinqtonun İraqdakı əsas məqsədi budur: İranın siyasi təsirini zəiflətmək; silahlı şiə qruplarının dövlət sisteminə tam nəzarətinin qarşısını almaq; Bağdadı Tehran orbitindən uzaqlaşdırmaq; Körfəz və enerji təhlükəsizliyi sistemini qorumaq.

Bu baxımdan Əli əl-Zeydinin seçilməsi təsadüfi deyil.

40 yaşlı biznesmen, bank və holdinq sahibi olan Zeydi son 20 ildə İraqda ilk dəfə olaraq klassik siyasi və ya militan keçmişi olmayan baş nazir kimi təqdim olunur. Bu isə həm Vaşinqtonun, həm də İraq daxilindəki müəyyən qüvvələrin yeni nəsil texnokrat modelinə keçid cəhdi kimi görünür.

Çünki İraq cəmiyyəti artıq köhnə siyasi elitadan; korrupsiyadan; məzhəb savaşlarından; silahlı qrupların hökmranlığından yorulub.

Yeni baş nazirin ilk çıxışında korrupsiya ilə mübarizə, iqtisadi islahatlar, investisiyalar və dövlət institutlarının gücləndirilməsi məsələlərini ön plana çıxarması da bunun göstəricisidir.

Lakin burada mühüm paradoks var.

Əli əl-Zeydinin rəhbərlik etdiyi “əl-Cənub Bankı”nın ABŞ təzyiqi ilə sanksiyaya məruz qalması göstərir ki, Vaşinqton onu tam etibarlı fiqur hesab etmir. Bu isə gələcəkdə ABŞ–Bağdad münasibətlərində yeni gərginlik ehtimalını saxlayır.

Çünki ABŞ-ın İraqda tam qələbə qazandığını düşünmək də sadəlövhlük olar.

İran hələ də şiə siyasi blokları; silahlı qruplar; dini strukturlar; təhlükəsizlik şəbəkələri; üzərindən İraqda çox güclü təsir imkanlarına malikdir.

Yeni hökumətin təsdiqləndiyi iclasda İran tərəfdarı qüvvələrin də iştirak etməsi bunun açıq göstəricisidir.

Bu səbəbdən İraq yaxın illərdə də ABŞ və İran arasında gizli geosiyasi savaşın əsas meydanlarından biri olaraq qalacaq.

Vaşinqtonun Malikinin qarşısını alması bölgəyə bir neçə mühüm mesaj verdi:

Birincisi, ABŞ Yaxın Şərqdən tam çəkilmək niyyətində deyil.

İkincisi, Vaşinqton İranın Bağdad üzərində tam dominantlıq qurmasına imkan verməyəcək.

Üçüncüsü, ABŞ bölgədə klassik ideoloji və silahlı fiqurlardan daha çox texnokrat, biznes yönümlü və kompromis siyasətçiləri önə çıxarmağa çalışır.

Dördüncüsü isə budur ki, ABŞ artıq Yaxın Şərqdə birbaşa hərbi müdaxilə modelindən daha çox siyasi, iqtisadi və maliyyə təsir mexanizmlərinə üstünlük verir.

Lakin bütün bunlara baxmayaraq, İraqın tam sabitliyə qovuşacağını düşünmək hələ tezdir.

Çünki: ABŞ–İran qarşıdurması davam edir; şiə silahlı qrupları zəifləməyib; məzhəb balansı həssas olaraq qalır; iqtisadi və sosial böhran dərinləşir; regional güclər Bağdad uğrunda rəqabəti davam etdirir. Bu isə o deməkdir ki, İraq yaxın illərdə də Yaxın Şərqin ən həssas geosiyasi düyünlərindən biri olaraq qalacaq.

Və görünən budur ki, Vaşinqton Bağdad üzərində nəzarəti saxlamaq üçün daha sərt və sistemli strategiyaya keçir. İran isə İraqı itirməmək üçün bütün təsir rıçaqlarını işə salacaq.

Beləliklə, İraqda yeni hökumətin qurulması əslində yeni geosiyasi mərhələnin başlanğıcıdır.

Bu mərhələdə Bağdad artıq sadəcə ərəb paytaxtı deyil, eyni zamanda  ABŞ və İran arasında böyük regional savaşın strateji mərkəzidir.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
olke.az

2Mənbələr