AZ

Oğuzda sənət və yaradıcılıq bayramı - Gənc Sənətkarlar Festivalı

Oğuz, 15 may, AZƏRTAC

Oğuzda ilk dəfə Gənc Sənətkarlar Festivalı təşkil olunub. Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mədəni dəyərlərin təbliği və gənc sənətkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə keçirilən festivalda bu rayonla yanaşı, Şəki və Qəbələdən olan sənətkarların əl işləri də nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mədəni dəyərlərin təbliği və gənc sənətkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə təşkil olunub.

Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən festival qədim el sənətlərinin yaşadılması baxımından da böyük marağa səbəb olub. Festivalda Oğuz rayonu ilə yanaşı, Şəki və qonşu Qəbələdən də xeyli yaradıcı insan, gənc iştirak edib. Festivalın ən gənc iştirakçısı isə rayonun Bucaq kənd tam orta məktəbinin şagirdi Nuray İsmayılova idi. Nuray ölkəmizin müxtəlif bölgələrində, eləcə də paytaxtda yerləşən tarix-memarlıq abidələrinin kompozisiyasını hazırlayıb. Onun bu ideyası bir müddət əvvəl paytaxt Bakıda təşkil edilən festivalda sertifikata layiq görülüb.

Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən tətbiqi sənət bölməsinin müəllim və yaradıcı heyəti də müxtəif əl işləri ilə festivala qatılıblar. Mərkəzin müəllimi Gülbəniz Gözəlovanın sözlərinə görə, tətbiqi sənət növlərinə gənclərdə böyük maraq var. Bu səbəbdən gənclərə qədim sənət növünü təbliğ edir, onların gələcək həyatda inkişafına təkan verməyə çalşırlar.

Şəkidən gələn gənc sənətkar Orxan Əfəndiyev festivala özünün əl əməyi sayəsində ərsəyə gətirdiyi dəri məmulatları ilə qatılıb. O qeyd edib ki, belə festivallar gənclərin mədəni həyata fəal qoşulmasına, sənətə marağın artırılmasına və yeni istedadların üzə çıxmasına geniş imkan yaradır.

Festivalda oyma sənət növü ilə təmsil olunan Oğuzun Baş Daşağıl kənd sakini Rəhim Abdurəfiyev isə bildirib ki, ucqarda yerləşməsinə baxmayaraq kənddə qədim sənət və sənətkarlıq inkişaf edib və bu gün də yerli sakinlər tərəfindən yaşadılır. Oyma ustası festivalın əhəmiyyətini vurğulayaraq, gənclərin yaradıcılıq fəaliyyətinə dəstək göstərilməsinin, onların istedadlarının üzə çıxarılması və tanıdılmasının, milli sənət ənənələrinin yaşadılmasının vacibliyini diqqətə çatdırıb.

Festival çərçivəsində gənc sənətkarların əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub. Sərgidə nümayiş etdirilən müxtəlif sənət nümunələri iştirakçılar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Oğuzdakı festivala qatılan “ŞəkiFest” komandasının rəhbəri Aynurə Yusifova qeyd edib ki, bu, onların iştirak etdikləri 20-ci festivalıdır və hər bir tədbir üzvlərin yaradıcılığında xoş xatirə, xoş izlər buraxır.

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Elvin Qarayev bildirib ki, Gənc Sənətkarlar Festivalı gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi, milli-mədəni irsin təbliği və bölgədə mədəni mühitin daha da inkişaf etdirilməsi baxımından əlamətdar tədbir kimi yadda qalacaq. Elvin Qarayev onu da əlavə edib ki, növbəti aylarda bölgənin digər şəhərlərində də belə festivalların təşkili nəzərə tutulur.

Müxbir - Rasim İslamoğlu

Seçilən
23
1
azertag.az

2Mənbələr