AZ

Ümumdünya Şəhərsalma Forumuna cəlb olunacaq xəstəxanalarda hazırlıq yoxlanılıb

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası çərçivəsində tibbi təminatı həyata keçirəcək tibb müəssisələrində hazırlıq vəziyyəti yerində qiymətləndirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Nazirliyin məlumatına görə, baxış zamanı tibb müəssisələrinin maddi-texniki bazası, iş şəraiti və heyətin ilkin hazırlıq səviyyəsi nəzərdən keçirilib, rəhbərliklə görüşlər keçirilib.

Tədbirə cəlb olunan tibb müəssisələri sırasında Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea Hospital, International Medical Centre və Məlhəm Hospital yer alır. Həmin müəssisələr üzrə koordinatorlar təyin olunub.

Bundan əlavə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tabeliyində fəaliyyət göstərən Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də tibbi yardım tədbirlərinə cəlb olunub.

Nazirlik bildirib ki, tədbirin keçiriləcəyi məkanlarda işin koordinasiyası üçün xüsusi əməkdaşlar ayrılıb, zəruri tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlarla təminat həyata keçirilib. Zərurət yaranacağı təqdirdə isə əlavə həkim və orta tibb işçiləri cəlb ediləcək.

Məlumata görə, forum çərçivəsində sanitariya-gigiyena nəzarəti də gücləndiriləcək. Bunun üçün tədbir məkanlarında, mehmanxana, restoran və ictimai iaşə obyektlərində mütəmadi dezinfeksiya və monitorinq tədbirləri aparılacaq.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası mayın 17–22-də Baku şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan forum şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı mövzularında beynəlxalq dialoq platforması hesab olunur.

Seçilən
0
1
anews.az

2Mənbələr