ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Qlobal dünya nüvə təhlükəsi ilə üz-üzə qala bilər.
Narahatlıqlar belə deməyə əsas verir və son proseslər buna doğru gedir. Avropa məkanının bu təhlükəyə məruz qalmaq ehtimalı daha real görünür.
Ukraynada məğlub duruma düşən Rusiya hər hansı formada vəziyyətdən çıxmağa çalışır və nüvə təhdidinə əl atmaq qərarına gəlib. Belə ki, Rusiyanın hərbi rəhbərliyi qitələrarası taktiki nüvə silahını – “Sarmat” raketini sınaqdan keçirib.
Sözügedən ballistik raket dünyanın ən güclü raket sistemidir. Rusiya hərbi mənbələrinin məlumatına görə, raket sistemi ilin sonuna qədər döyüş hazırlığı vəziyyətinə gətiriləcək.
Bununla yanaşı, "Oreşnik" raket sisteminin də nüvə başlıqları ilə silahlandırılması istiqamətində işlərə başlanılıb.
Maraqlıdır, taktiki nüvə silahı – “Sarmat” raketinin sınaqdan keçirilməsi Moskvanın Avropaya və ABŞ-yə birbaşa mesajıdır?
Moskvanın nüvə silahına əl atması nə dərəcədə realdır?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Rusiya bütün dünyanı yenidən böyük fəlakətlərə sürükləməyə hazırlaşır:
.jpg)
“Rusiyada vaxtaşırı “Sarmat” və “Oreşnik” tipli raketlərin sınaqdan keçirilməsi, təbii ki, qlobal məkana yönəlik xəbərdarlıq mesajı kimi anlaşılmalıdır.
Artıq Moskvada anlayırlar ki, Ukrayna savaşını Kremlin planları əsasında yekunlaşdırmaq mümkün deyil. Rusiyanın həm iqtisadiyyatı, həm də hərbi-sənaye kompleksi Ukrayna müharibəsinin yükünü daşıyacaq imkanlara malik deyil.
Rusiya iqtisadiyyatı çökməyə doğru gedir. Hərbi-sənaye müəssisələri Rusiya ordusunu yetərli ola biləcək silah-sursat və hərbi texnika ilə təchiz etməkdə çətinlik çəkir.
Yaxın Şərqdəki mövcud vəziyyət isə İrandan Rusiyaya dronların idxalını məhdudlaşdırıb. Bu baxımdan, Rusiya yaxın zamanda ciddi hərbi problemlərlə üzləşə bilər”.
E. Xalidbəyli əlavə edib ki, Ukraynanın Rusiyanın dərinliklərinə hücumları intensivləşib:
“Bu, Rusiyada çox ciddi panik durum yaradıb. Bu səbəbdən Moskva nüvə potensialına malik olan “Sarmat” raketini sınaqdan keçirməklə həm Ukraynaya, həm də Avropa ölkələrinə mesaj verir ki, bu müharibədə Rusiyanın məğlubiyyətinə nail olmaq cəhdləri təhlükəli nəticələrə gətirib çıxara bilər.
Yəni Kreml bütün dünyaya, xüsusilə də kollektiv Qərbə xəbərdarlıq edib ki, Rusiya nüvə silahından istifadə variantını masa üzərində saxlayır və ən taleyüklü məqamda buna əl ata bilər. Kreml ən çətin varianta hazırlaşır. Belə anlaşılır ki, dünya böyük təhlükə qarşısındadır”.
Yunis Abdullayev
"Cebheinfo.az"
Açar sözlər:
Kreml Elçin Xalidbəyli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.