AZ

Qlobal Cənub daha ədalətli beynəlxalq sistemin qurulmasında fəal rol oynayacaq”-QHT sədri - ÖZƏL

Xəbər verildiyi kimi mayın 15-də "Gülüstan" sarayında Qlobal Cənub QHT Platformasının Baş Assambleyası işə başlayıb.  Assambleyada mühüm mesajlar səslənib. Qeyd edək ki, Baş Assambleyada Azərbaycan təmsilçisi Fuad Kərimli qurumun Baş katibi seçilib. Qarşıdakı 5 il müddətində təşkilata sədrliyi Azərbaycanın QHT təmsilçisi edəcək.
Assambleyada iştirak etmiş  "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlamasında Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq əhəmiyyət daşıyan mühüm hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, bu tədbir Azərbaycanın qlobal dialoq məkanı kimi artan nüfuzunu, beynəlxalq əhəmiyyətli təşəbbüslərdə fəal iştirakını təsdiq edir. 
"Assambleyanın toplatısında da qeyd olunduğu kimi GSNP Qoşulmama Hərəkatının QHT qanadına çevrilə bilər. Qoşulmama Hərəkatı ədalət, rifah və bərabər beynəlxalq münasibətlər arzulayan xalqların ortaq mövqedən çıxış edə bilməsi üçün yaradılmış beynəlxalq platformadır. Bu qurum yaxın keçmişdə iri qlobal güclər arasında seçim etməyə məcbur qalan dövlətlərin müstəqil siyasi iradəsini qorumaq məqsədilə formalaşan bu hərəkat kimi ortaya çıxıb. Bu platforma müxtəlif coğrafiyaları, fərqli mədəniyyətləri və siyasi sistemləri təmsil edən ölkələri birləşdirir. Əsas məqsəd beynəlxalq münasibətlərdə ədalətin qorunması, dövlətlərin suverenliyinə hörmət, xalqların hüquqlarının müdafiəsi və qlobal bərabərsizliyin aradan qaldırılmasıdır.  
Dünyanın müxtəlif ölkələrindən vətənda cəmiyyəti fəallarını Bakıda bir araya gətirən Baş Assambleya qlobal çağırışların müzakirəsi, ortaq problemlərə birgə həll yollarının axtarılması və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir. Belə nüfuzlu beynəlxalq platformaya ev sahibliyi etməsi ölkəmizin Cənub ölkələri arasında həmrəylik, qarşılıqlı dəstək və ədalətli beynəlxalq münasibətlər prinsiplərinin təşviqində oynadığı rolu da ön plana çıxarır. Tədbir çərçivəsində davamlı inkişaf, sosial ədalət, iqlim dəyişiklikləri, humanitar əməkdaşlıq və qlobal bərabərsizlik kimi aktual məsələlərin müzakirəsi beynəlxalq vətəndaş cəmiyyətinin ortaq mövqeyinin formalaşmasına mühüm töhfə verə bilər".
QHT sədri deyib ki, Bakıda keçirilən bu toplantı dəyişən geosiyasi gerçəkliyin təzahürüdür:
"Qlobal Cənub artıq dünya siyasətində səssiz qalmayacaq. O, öz maraqlarını müdafiə etmək və daha ədalətli beynəlxalq sistemin qurulmasında fəal rol oynamaq niyyətindədir. Qlobal Cənub xalqların hüquqlarının təmin edilməsi, səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması və onların hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr