"Space" televiziyasının keçmiş baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin kanaldakı işinə son verilib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
"Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı.
"Space" TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Kanalın ən çətin dövrlərində belə komandamızla birlikdə efiri qorumağa, yeni layihələr qurmağa və tamaşaçı marağını yenidən artırmağa çalışdıq. Müəyyən dövrdə "Space"in ölkənin ən çox izlənilən ikinci televiziya kanalına çevrilməsi də bu zəhmətin nəticəsi idi.
Bu müddətdə qəbul olunan bir çox qərarın doğru və faydalı olduğuna inanıram. Ən əsası isə, bütün çətinliklərə baxmayaraq, prosesləri dağıtmadan və sabitliyi qoruyaraq bu mərhələni tamamlaya bildik.