AZ

Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib -Əli Məsimli

Hökumətin proqnozlarına görə,ölkəmizdə 2026-cı ildə 2,9 faiz,Mərkəzi Bankın proqnozlarına görə isə 2,4 faiz artım gözlənilir. BVF 2026-cı ildə Azərbaycanda 2,1 faiz,Dünya Bankı 1,8 faiz,Avropa Yenidənqurma və İnkişaf Bankı-2 faiz artım proqnozlaşdırıb.

Həmin proqnozların fonunda 2026-cı ilin yanvar-mart aylarında ölkəmizdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalmışdı, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artım əldə olunmuşdu.2026-cı ilin yanvar-aprel aylarında ölkəmizdə 0,2 faiz çox ÜDM istehsal olunub.İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin azalma tempi bir qədər aşağı düşsə də,enmə yenə də davam edib və enmə dərəcəsi sadəcə 1,2 faizdən 0,9 faizə düşüb. Qeyri neft-qaz sektorunda isə artım mart ayı ilə müqayisədə 0,2 faizdən 0,7 faizə çatıb.

Göründüyü kimi,bu ilin ilk 3 ayında ÜDM istehsalı sahəsində müşahidə olunan enmələr aprel ayından 0,2 faiz artımla əvəz olunub.Bir ay ərzində ÜDM-dəki enmələrdən artıma keçilməsi özlüyündə müsbət haldır.İlk növbədə ona görə ki, ÜDM-in, istehsalın, iqtisadi fəallığın,tələbin və s. bu kimi əsas göstəricilərin ardıcıl olaraq 6 ay və ya daha çox müddət ərzində azalması, iqtisadiyyatda resessiyanın başlanması deməkdir. Belə şəraitdə ÜDM-in azalması ilə ilə yanaşı,işsizlik də artır,istehlak xərcləri aşağı düşür, sahibkarlıq strukturlarının çoxunun gəlirləri azalır və sair bu kimi neqativ meyllər güclənir. 2026-cı ilin yanvar-mart aylarının 2025-ci ilin müvafiq dövrünə nisbətində Azərbaycanda ÜDM-in aşağı düşmə mərhələsi 3 ay çəkdi və dördüncü aydan artım başladı.Amma 2026-cı il üzrə həm hökümətin,həm də beynəlxalq maliyyə qurumların proqnozları fonunda 0,2 faizlik artım çox kiçik göstəricidir. Bununla belə təhlillər belə bir fikir yürütməyə əsas verir ki, bu ilin aprelindən sonrakı növbəti aylarında da ÜDM-in artımında müsbət dinamika gözlənilir və artım tempi yüksələcək.Bu artım bir sıra digər göstəricilərdə də əks olunacaq.

Eyni zamanda təhlillər onu da göstırir ki,2025-ci ildə olduğu kimi,2026-cı ildə də Azərbaycan iqtisadiyyatı yavaşlamış iqtisadi artım trayektoriyasında qala bilər.Bütövlükdə il üçün proqnozlaşdırılan,lakin əldə edilməyən ÜDM-in hər faizinə görə 1,3 milyard manatdan çox yeni yaradılan dəyər itiririk.

İqtisadi artım templərinin aşağı düşməsində neft hasilatının ötən il 1,6 faiz,bu ilin 4 ayında isə 0,9 faiz azalması ciddi rol oynayıb.Bundan əlavə beynəlxalq maliiyə təşkilatları Azərbaycan iqtisadiyyatında artım templərinin aşağı düşməsində büdcə xərclərinin artımında olan zəifləmələrlə də izah etməyə çalışırlar.Neft gəlirlərinin bir hissəsinin Dövlət Neft Fondundan transfertlər əsasında büdcə mexanizmi vasitəsilə istifadə olunduğunu və həmin vəsait hesbına həyata keçirilən layihələrin və tədbirlərin iqtisadi artım tempinlərinə təsirini nəzər alsaq,burada təbii ki,həqiəqət payı var.Amma fikrimizcə, aşağı artım templərinin səbəbləri təkcə bu iki amilin mexaniki təsiri ilə məhdudlaşmır.Məsələ burasındadır ki,iqtisdi artımı təmin edən köhnə model yüksək səviyyəli müsbət dinamika nümayiş etdirmək baxımından artıq tükənib.Yeni model isə hələ tam formalaşmayıb,səmərəli fəaliyyət göstərən reallaşma mexanizmi yoxdur və ona görə də yüksək artım təmin etmək gücündə deyil.Belə şəraitdə neft sektorundakı enmələrlə yanaşı,eyni zamanda qeyri-neft-qaz sektorunda da artım tempi 2024-cü ildəki 6,2 faizdən 2025-ci ildə 2,7 faizə,bu ilin 4 ayında isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faizdən 0,7 faizə düşüb.Ona görə də Mərkəzi Bank bu ilin fevral ayında açıqladığı proqnozlarda qeyri-neft ÜDM-in bu ilin sonuna 4 faiz artacağı proqnozonu vermişdisə, may proqnozlarına əsasən bu göstəricinin 3,2 faiz səviyyəsində qiymətləndirib.Bu, hökumətin bu il qeyri-neft ÜDM-in ilin sonuna qədər 5 faiz civarında artacağı barədə proqnozuna da yenidən baxılması məsələsini gündəmə gətirir. Çünki neft sektoriondakı enmələrlə yanaşı, son illər eyni zamanda həm də qeyri-neft-qaz sektorunda da artım tempinin aşağı düşməsi ciddi təhlil tələb edən çox narahatedici bir məsələdədir.Əgər neft sektorundakı enmələr qeyri-neft sektorunda da artım templərinin aşağı düşməsi ilə müşayət olunursa,deməli artım templərinin yavaşımasında neft hasilatının azalması ilə yanaşı, Azərbycanın iqtisadiyyatının yeni iqtisadi modelə keçidi ilə bağlı proseslərdən doğan amillər,eləcə də bu yöndə zəruri olan islahatların təşkilinin kompleksliliyinin,sürətinin və maliyyə təminatının yetərli səviyyədə olmamasının və sair bu kimi amillərin yüksək iqtisadi artımın dayanıqlığını təmin edə bilməməsi də təsir edir.Bu yöndə olan fikirlərimizi əsaslandırmaqdan ötrü, təkcə belə bir faktı xatırlatmaq kifatydir ki, bu ilin 4 ayı ərzində ölkə iqtisadiyytaına qoyulan sərmayə ÜDM-in 13 faizi səviyyəsindədir və həm də onun strükturu xeyli dərəcədə innovasiyalı inkişaf kontekstində iqtisadi artıma güclü təsir imkanına malik olmayan vəziyyətdədir. Belə bir şəraitdə həm kəmiyyət,həm keyfiyyət, struktur və bir sıra hallarda həm də səmərəlilik baxımından maliiyə vəsaitinin bir hissəssi sürətli artıma nail olmaq,onun dayanıqlılığını və davamlılığını təmin etmək iqtidarında deyil.

Ona görə də yeni iqtisadi modelə keçidin müddətinin maksimum azaldılması və yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş iqtisadi artım trayektoriyasına keçid və onun dayanıqlığının təmin edilməsi hazırda qarşıda duran vəzifələr arasında xüsusi aktuallıq kəsb edir. Yaşadığımız müasir mərhələnin çağırışları və ölkəmizin mövcud daxili amilləri fonunda Azərbaycan iqtisadiyyatında yavaşlamış artım trayektoriyasından sürətlənmiş inkişaf trayektoriyasına keçid obyektiv zərurətə çevrilib. Neft-qaz sektorunda hasilatın azalma meyilləri 2026-cı ildə də davam edəcək. İqtisadiyyatın neftdən asılılığının azaltması və qeyri-neft sektorununun şaxələndirilmiş şəkildə sürətli inkişafı tələb olunur.Azərbaycanın iqtisadi artım tempinin qlobal orta artım templərindən aşağı düşməsi bu məsələyə diqqətin artırılmasını və yeni yanaşmaların ortaya qoyulmasını tələb edir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması,Böyük Qayıdışın optimal müddətdə əsasən reallaşdırması və bununla yanaşı hökumətin öz sosial öhdəliklərinin dolğun şəkildə həyata keçirməsi, yaxşı gəlirli yeni iş yerlərinin artırılması, əhalinin bütün təbəqələrinin sosial rifahının yüksəldilməsi və s.üçün Azərbaycanda ildə orta hesabla 5 faiz ətrafında və ondan da yüksək iqtisadi artım tələb olunur. Biz bunun optimal yolunu, hazırladığmız ”Üç amil" prinsipinə əsaslanan optimal inkişaf modelinin reallaşdırılmasında görürük.“Üç amil” prinsipinə əsaslanan optimal inkişaf modelilinə keçid dedikdə,sistemli və davamlı islahatlar əsasında ölkəmizin zəngin resurs potensialından,insan kapitalından və əlverişli inteqrasiya imkanlarının üstünlüklərindən istifadənin səmərəliliyini artırmaqla neft amilinin dominant rol oynadığı modeldən insan kapitalının üstünlük təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin sürətləndirilməsi,elmi və texnoloji potensialın,rəqəmsal iqtisadiyyatın inkişafı,rəqabət mühiti üçün səmərəli fəaliyyət göstərən bazar institutlarının yaradılması və bu əsasda yüksək sürətli, uzunmüddətli, dayanıqlı iqtisadi atrımı və sosial-iqtisadi inkişafı təmin etməklə, səmərəli fəaliyyət göstərən, yüksək rəqabət qabiliyyətli və hər bir vətəndaşın həyat səviyyəsinin qalib dövlətin potensialına uyğun səviyyəyə çatdırılmasını nəzərdə tuturuq.

Əli MƏSİMLİ,

deputat

Seçilən
18
2
redaktor.az

3Mənbələr