BAKI, 14 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sabitliyi və inkişafı vacib hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nın Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, Avropanı qorumaq həm də sərhədlərdən kənarda sülh, sabitlik və beynəlxalq hüququ dəstəkləmək deməkdir:
"Məhz buna görə də Aİ təhlükəsizliyimiz baxımından Cənubi Qafqazda sabitliyi və onun çiçəklənməsini vacib hesab edir. Hər iki tərəfin gələcəyi bir-birinə bağlıdır".
M.Kuyunçiç vurğulayıb ki, Avropa İttifaqı regionda regional layihələrin icrasını fəal şəkildə maliyyələşdirməkdə davam edir:
"Biz Azərbaycan və Ermənistan arasındakı sülh prosesini, o cümlədən nəqliyyat infrastrukturunun inkişafı və minaların təmizlənməsi təşəbbüsləri vasitəsilə də dəstəkləməyə davam edəcəyik ki, bu sahələrdə də Aİ artıq ən böyük donordur".