AZ

SOCAR-ın sabiq vitse-prezidentin ailə qalmaqalında yeni QƏRAR

Ali Məhkəmədə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin faktiki həyat yoldaşı Fidan Abbasovanın vəkili olmuş Adəm Məmmədovun kassasiya şikayətinə baxılıb. Musavat.com xəbər verir ki,
hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti təmin edilməyib.

Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilənə qədər o, Orxan İsmayılzadənin faktiki həyat yoldaşı Fidan Abbasovanın vəkili olub. O, Fidan Abbasovanın adından Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi verib. İşdə cavabdeh Orxan İsmayılzadə olub. Sonradan iddia geri götürülüb.

Fidan Abbasova bir neçə il sonra aldadıldığını anlayaraq idda müddətinin bərpası ilə bağlı məhkəmə instansiyasına şikayət ünvanlayıb. Məhkəmə müddəti bərpa edib və Fidan Abbasova yenidən Sabunçu Rayon Məhkəməsində Orxan İsmayılzadəyə qarşı məhkəmə davası açıb. Fidan Abbasova Orxan İsmayılzadə ilə izdivacdan dünyaya gəlmiş qızları Nilə aliment ödənməsi, atalığın qəbulunu tələb edib.

Məhkəmələr davam etdiyi bir vaxtda Fidan Abbasova zamanında iddiasını geri çəkməsini vəkili Adəm Məmmədov tərəfindən aldadılması ilə izah edib. Adəm Məmmədov isə Fidan Abbasovanın açıqlamasını özünün şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzuna zərər verməsi kimi qiymətləndirib və iddia ilə çıxış edib. İlkin və apelyasiya instansiyası onun iddiasının əsassız olması qənaətinə gəlib. Adəm Məmmədov Ali Məhkəməyə üz tutub.

Məhkəmənin qərarına əsasən, Adəm Məmmədovun kassasiya şikayəti təmin edilməyib. Apelyasiya instansiyasının qətnaməsi isə dəyişdirilmədən qüvvədə saxlanılıb.

Beləliklə, məhkəmə Fidan Loğman qızı Abbasovanın hərəkətlərində Adəm Məmmədovun işgüzar nüfuzuna xələl gətirmək, onun şərəf və ləyaqətini alçaltmaq niyyətinin olmadığını təsdiqləyib.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr