AZ

Sahibə Qafarova: “Azərbaycan qadınların ictimai həyatın bütün sahələrində rolunun təşviqinə yönəlmiş beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir”






Azərbaycan qadınların ictimai həyatın bütün sahələrində rolunun təşviqinə yönəlmiş beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının təmin olunması və gender bərabərliyinin təşviqi dövlət siyasətinin mühüm prioritetlərindəndir. Spiker bildirib ki, Azərbaycanda qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində yüksək vəzifələr tuturlar.

Milli Məclisin sədri xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Spiker Sahibə Qafarovanın sözlərinə görə, Mehriban xanım Əliyeva Birinci vitse-prezident və tanınmış ictimai xadim kimi, təhsil, səhiyyə, mədəniyyət və sosial rifah sahələrində mühüm təşəbbüslərin həyata keçirilməsində aparıcı rol oynayır. Onun fəaliyyəti Azərbaycanda qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir.

Çıxışda həmçinin məlumat verilib ki, Azərbaycanda qadınlar azad edilmiş ərazilərdə, Qarabağda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə də mühüm töhfə verirlər. Milli yenidənqurma prioritetlərinə və “Böyük Qayıdış” proqramına uyğun olaraq, qadınlar bu ərazilərdə sosial, iqtisadi və institusional reinteqrasiya prosesində fəal iştirak edir, infrastrukturun bərpasında, ictimai həyatın yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsində mühüm rol oynayırlar.
O cümlədən, təhsil, səhiyyə, dövlət idarəçiliyi və yerli iqtisadi inkişaf sahələrində qadınların töhfəsinin uzunmüddətli bərpanın və sosial həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini bildirən spiker Sahibə Qafarova ümumilikdə, qadınların yenidənqurma prosesində fəal iştirakının Azərbaycanın münaqişədən sonrakı inkişaf yanaşmasını əks etdirdiyini diqqətə çatdırıb.

Süleyman
Seçilən
7
22
newscenter.az

10Mənbələr