AZ

“Bəzi layihələr sorğu sualsız maliyyələşdirilir” Bu layihə fiaskodur...

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illərdə Azərbaycan kinosunda canlanma müşahidə olunur. Yeni seriallar, tammetrajlı filmlər və rəqəmsal platformalar üçün layihələrin sayı artır. Bununla yanaşı, kino sahəsində artıq yalnız say deyil, keyfiyyət, ssenari, aktyor oyunu və yaradıcılıq məsələləri də daha çox müzakirə olunur. Bəziləri hesab edir ki, yerli kino yeni inkişaf mərhələsinə qədəm qoyub, digərləri isə sürətli istehsalın keyfiyyətə mənfi təsir etdiyini düşünür. 

Maraqlıdır, Azərbaycan kinosu doğrudan da dəyişir, yoxsa sadəcə görüntü yenilənir? Yeni nəsil rejissor və aktyorlar tamaşaçının gözləntilərini doğrulda bilir? Yaxın illərdə Azərbaycan kinosu regionda rəqabət apara biləcək səviyyəyə çata bilər?

Mövzu ilə bağlı rejissor, aktyor Kamal Yaşar “AzPolitika”ya bildirib ki, sürətli istehsal təbii olaraq bərabərində inkişaf gətirir. Hətta ən pis halda istehsal olunan məzmunlar tamamilə sıfır səviyyəsində olsa belə yenə də sürətli istehsal yeni texnikalar, onlardan istifadə bacarıqları əsasında püxtələşmiş texniki heyət deməkdir.

Onun sözlərinə görə, Azərbaycan kinosu doğrudan da dəyişir: “Çünki gənc və orta nəsil artıq yaşlı nəsildən və milli kino keçmişindən heç bir mədət ummamalı olduğunu sözün bütün mənalarında dərk edib gözləntilərini sıfırladığına görə özünə yeni cığır açmaqdadır. Azərbaycan kinosunun yaxın illərdə regionda rəqabət aparması isə sadəcə ümid edilən yaxşı bir ehtimal ola bilər. Bunun üçün orijinal müəllif yanaşması olan yaradıcı şəxslərlə bərabər yerli kino sənayesi də maksimum münbit vəziyyətə gətirilməli, qaydalar kağız üzərindən reallığa tətbiq edilərək işlək mexanizmlər yaradılmalı, yaradıcı şəxslər və yaradıcılığa dəstək olan müəssisə və təşkilatlar üçün normal imtiyazlar tanınmalıdır. Yəni, qısaca desək, yaradıcı düşüncə və yaradıcı sektor üçün münbit şərait yaradılmalıdır. Buna cəhdlər varmı, var. Məsələn, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) maksimum gücü ilə maraqlı layihələrə imza atır. Ancaq elə ARKA-nın özündə də yerli yaradıcı mühit üçün cavabı anlaşılmaz olan layihələrə dəstək verilir. Məsələn, “Akinak” kimi layihəni nümunəni gətirə bilərəm. Bu layihə fiaskodur. Amma gəl ki, digər layihələr müsabiqə şəraitində seçildiyi halda büdcəsi bizim reallıq üçün yetərincə olan bu film müsabiqəsiz və sorğu-sualsız maliyyələşdirilib. Bir yaradıcı adamın, bir vergi verən vətəndaşın bunu sorğulamaq kimi bir imkanı yoxdur. Yaradıcı adam və ya mühit tərəfindən deyilən söz və fikirlər isə bəzən qərəz kimi qəbul oluna bilir. Çünki həm kino-teatr mühitində, həm də elə yaradıcı mühitin özündə yetkin tənqid anlayışı təəssüf ki, oturuşmayıb və adətən bu şeylər şəxsi qəbul edilir. Bu bir nümunə idi”.

K.Yaşar qeyd edib ki, görünür inkişaf üçün bu kimi yollardan da keçməli və ən azı nəyin olmamalı olduğunu da təyin etməliyik: “Yəni, qısası, yaradıcı mühit və yaradıcılığa məsul qurumlar bir-biri ilə aşkar, şəffaf və sərhədsiz şəkildə dialoqda olmalıdır. Nə fərd və müəllif, nə də dövlət, cəmiyyət və dünya üçün faydalı olmayan layihələr hər hansı keçici situasiyanın təsiri və diktəsi altında maliyyələşdirilməməlidir. Biz öncə özümüzlə anlaşmalı və özümüz öz daxilimizdə məsələləri həll etməliyik ki, ardınca regionun kino mühitində də söz sahibi ola və rəqabət apara bilək”.

Oğuz Ayvaz 

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr