JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Mayın 14-də AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə təsis edilən “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, beynəlxalq təcrübə universitetlər, innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər və biznes qurumlarının əməkdaşlığının daha effektiv nəticələr verdiyini göstərir.

Nazir qeyd edib ki, ali təhsil müəssisələrinin iqtisadiyyatın inkişafına və innovativ mühitin formalaşmasına daha böyük töhfə verməsi əsas hədəflərdəndir. Onun sözlərinə görə, bu istiqamətdə uğurlu nəticələrin əldə olunması universitetlərin öz potensialını gücləndirməsi ilə mümkündür.

Emin Əmrullayev vurğulayıb ki, Almaniya universitetləri və innovasiya sahəsində seçilən şirkətlərlə əməkdaşlıq Azərbaycan gənclərinin və tələbələrinin gələcəyinə töhfə verir.

Nazir bildirib ki, əvvəlki dövrlərdə bu istiqamətdə fəaliyyətlər ayrı-ayrılıqda həyata keçirilsə də, hazırda əsas məqsəd onların vahid əməkdaşlıq platformasında birləşdirilməsidir.

Nazir həmçinin təşəbbüsün həyata keçirilməsində iştirak edən iş dünyası nümayəndələrinin və tərəfdaşların rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Çıxışının sonunda tərəfdaşlara təşəkkürünü bildirən Emin Əmrullayev formalaşan əməkdaşlıq modelinin güclü biznes, universitet və beynəlxalq tərəfdaşlıq platforması kimi Azərbaycanın inkişaf məqsədlərinə xidmət etdiyini vurğulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər.

Rəşad Nəbiyev əlavə edib ki, tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər. Proqram çərçivəsində hər bir tələbə AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdən biri ilə birbaşa əlaqələndiriləcək və real layihələr üzərində praktiki təcrübə qazanacaq.

“TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək mənim üçün böyük şərəfdir. Biz kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayırıq və daha sonra kompüter mühəndisliyi üzrə bakalavr proqramını təqdim edəcəyik.

“Bu, sadəcə yeni bir məktəbin açılışı deyil. Bu, Bakıda kompüter elmləri, data analitikası, süni intellekt və kibertəhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin qurulmasına yönəlmiş uzunmüddətli öhdəliyin başlanğıcıdır, – deyə icraçı direktor vurğulayıb.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiyadır, universitet-sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır. Bu layihənin ən böyük nəticəsi yüksəksəviyyəli mühəndislər, yeni texnologiyalar, startap ekosistemi və beynəlxalq rəqabət qabiliyyətli insan kapitalı olacaq.

Sonra “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb.

Müqaviləni AZCON Holding tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti tərəfindən rektor Vilayət Vəliyev və “TUM International GmbH” (TUMint) tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX