AZ

İlqar Balakişiyev: “Əsas məsələ bu inkişafın peşəkar yanaşma ilə aparılmasıdır”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu mötəbər forum dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirəcək. Tədbirdə şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, sosial inklüzivlik, urbanizasiya problemləri və ekoloji tarazlığın qorunması kimi mühüm mövzular geniş müzakirə olunacaq.Tarixi binaların qorunması ilə müasir tikililərin inşası arasında balans necə saxlanmalıdır?

Bu barədə Bizimyol.info xəbər portalına AzMİU-nun müəllimi, memar İlqar Balakişiyev bildirib ki, şəhəri şəhər edən, onun tarixini yaşadan memarlıq nümunələridir.

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası kimi qlobal əhəmiyyətli bir tədbirin keçirilməsi şəhərsalma sahəsində ən aktual məsələlərin yenidən diqqət mərkəzinə gəlməsi baxımından çox önəmlidir. Tarixi binaların qorunması ilə müasir tikililərin inşası arasında balansın saxlanılması isə bu müzakirələrin ən həssas və strateji mövzularından biridir.

Memar İlqar Balakişiyevin fikrincə, burada əsas məsələ inkişaf və irsin qarşı-qarşıya qoyulması deyil, onların düzgün inteqrasiyasına nail olunmasıdır:

“Tarixi memarlıq irsi hər hansı şəhərin sadəcə keçmişini deyil, onun kimliyini, yaddaşını və mədəni kodlarını daşıyır. Şəhəri şəhər edən yeni göydələnlər və müasir infrastruktur yox, onun tarixini yaşadan memarlıq nümunələridir. Ona görə də yanaşma "ya köhnə, ya yeni" prinsipi ilə deyil, "qoruyaraq inkişaf" fəlsəfəsi ilə qurulmalıdır.

Dünya təcrübəsi göstərir ki, uğurlu şəhərlər tarixi irsi konservasiya etməklə yanaşı, müasir memarlığı da şəhər toxumasına uyğun şəkildə inteqrasiya etməyi bacarırlar. Bu zaman yeni tikililər tarixi mühitə aqressiv müdaxilə etməməli, miqyas, hündürlük, vizual siluet, material seçimi və funksional uyğunluq baxımından ətraf konteksti nəzərə almalıdır”.

İlqar Balakişiyev həmçinin vurğulayıb: “Bir məsələni də xüsusi vurğulamaq istərdim. Tarixi binaların qorunması təkcə fasadın saxlanılması demək deyil. Bu, bütöv urban yaddaşın, küçə mühitinin, şəhərin ruhunun qorunmasıdır. Eyni zamanda şəhər yaşayan orqanizmdir və onun inkişaf etməsi təbiidir. Əsas məsələ bu inkişafın plansız və şəhərin özünəməxsusluğunu zədələyən şəkildə deyil, elmi əsaslarla və peşəkar yanaşma ilə aparılmasıdır".

İlqar Balakişiyev əlavə edib: “WUF13 kimi platformalar məhz, bu baxımdan əhəmiyyətlidir. Çünki burada şəhərsalmanın gələcəyi müzakirə olunarkən tarixi irsin qorunması artıq nostalji məsələ kimi yox, dayanıqlı inkişafın ayrılmaz elementi kimi dəyərləndirilir. Bakı da öz inkişaf modelində bu balansı düzgün qurmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
bizimyol.info

1Mənbələr