Azərbaycanda əhalinin yaşlanması prosesi sürətlənir və bu tendensiya yaşlı qadınların sosial vəziyyətini daha çox diqqət mərkəzinə çıxarır. Qadınlar kişilərdən daha uzun ömür yaşasalar da, onların yaşlılıq dövrü çox zaman iqtisadi çətinliklər, sağlamlıq problemləri və sosial təcridlə müşayiət olunur.
“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin rəhbəri Südabə Şirəliyeva QHT.az-a açıqlamasında bildirib ki, yaşlı qadınların problemləri yalnız sosial müdafiə məsələsi deyil, həm də insan hüquqları, gender bərabərliyi və sosial ədalət məsələsidir.
Azərbaycanda xüsusilə kənd yerlərində yaşayan yaşlı qadınlar daha həssas vəziyyətdədir. Bir çox qadın həyat boyu qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu və ya ailə qayğısına üstünlük verdiyi üçün yaşlılıq dövründə aşağı pensiya ilə yaşayır.
Açıqlamada qeyd olunur ki, yaşlı qadınların böyük hissəsi psixoloji dəstəyə və sosial ünsiyyətə ehtiyac duyur. Tək yaşamaq, cəmiyyətdən təcrid olunmaq və özünü ictimai həyatdan uzaq hiss etmək onların əsas problemlərindən biridir.
Südabə Şirəliyeva rəqəmsal texnologiyaların sürətli inkişafının da yaşlı qadınlar üçün əlavə çətinliklər yaratdığını vurğulayıb. İnternet və elektron xidmətlərdən istifadə bacarıqlarının zəif olması onların dövlət və sosial xidmətlərə çıxışını məhdudlaşdırır.
Yaşlı qadınların sosial fəallığının artırılması, psixoloji dəstək, hüquqi maarifləndirmə və sağlam həyat tərzi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyi bildirilib.
Açıqlamada həmçinin vurğulanıb ki, yaşlı qadınların problemlərinin həlli üçün dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.
Onun fikrincə, yaşlı qadınların ləyaqətli, təhlükəsiz və aktiv həyat şəraitində yaşaması sosial inkişafın və gender bərabərliyinin mühüm göstəricilərindən biridir.