AZ

Müəllimə hörmətsizlik edənlər ikiqat cəzalandırılmalıdır: 400 manat - AÇIQLAMA

Qazaxıstanda valideynlər şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə 86.500 təngə (təxminən 320 AZN) məbləğində cərimə edilə bilərlər. Təhsil Nazirliyi bildirib ki, bu cür pozuntulara ədəbsiz dil, uyğunsuz jestlər və müəllimin peşə vəzifələrinə mane olan və əlverişsiz iş şəraiti yaradan hərəkətlər daxildir.

Belə bir yenilik Azərbaycanda tətbiq edilə bilərmi? Buna ehtiyac varmı?

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, doğru yanaşmadır.

Onun sözlərinə görə, bizdə hal-hazırda müəllimin şagirdə qarşı davranışında 200 manat inzibati cəza tətbiq olunub:

"Dünyanın təhsili inkişaf etmiş ölkələrinə nəzər saldıqda görürük ki, hər hansı bir müəllimin şagirdlə insidenti, şagirdə qarşı güc tətbiq etməsi və yaxud da şagirdi vurması, psixoloji olaraq təzyiq göstərməsi qətiyyən yolverilməzdir. Bu, beynəlxalq təcrübədə də belədir. Bizdə də bu istiqamətdə 200 manat cərimə tətbiq olunub. Amma qəbul edirəm ki, şagirdlərə də bu cərimə və cəza tətbiq olunmalıdır, hətta iki qatı tətbiq olunmalıdır.

Şagird əgər hər hansı bir müəllimə qarşı fiziki təzyiq göstərərsə və yaxud da hörmətsiz, təhqiredici şəkildə — digər şagirdlərin yanında — təzyiq göstərərsə, bu zaman şagird müəllimə tətbiq olunan cərimənin iki qatını ödəmək məcburiyyətindədir. Düzdür, şagirdin 18 yaşı çatmadığı üçün ona inzibati xəta yazmaq olmur, amma onun valideyninə bu cəza mütləq tətbiq olunmalıdır. Çünki şagirdi tərbiyə edən valideyndir. Əgər valideyn şagirdi düzgün tərbiyə etmirsə, bu cəza valideynə tətbiq olunmalı və valideyn də bu istiqamətdə artıq şagirdin nizam-intizamına diqqət yetirməlidir. Deməlidir ki, sən belə bir hörmətsizlik elədin, ona görə də mən 400 manat və yaxud 300 manat, 350 manat cərimə ödəməli oldum və bundan sonra bu artıq olmamalıdır. Bu şəkildə yanaşma, hesab edirəm ki, şagirdlərdə də, valideynlərdə də müəyyən qədər məsuliyyət formalaşdıracaq. Çünki müəllim müqəddəsdir. Yəni müəllim bütün sahələri yetişdirən, formalaşdıran şəxsdir. Müəllim hakimin də, mühəndisin də, maliyyəçinin də, hər kəsin müəllimidir, hər kəsin ustadıdır. Ona görə də müəllimə hər hansı bir təzyiq — fiziki təzyiq olsun, psixoloji təzyiq olsun, hörmətsizlik olsun — bu, qətiyyən yol verilməzdir. Yəni bizim cəmiyyətimiz, milli mentalitetimizə uyğun olaraq müəllimi həqiqətən də baş tacı edir. Müəllimə xüsusi hörmətlə yanaşırıq və bir çox sahə mütəxəssislərinə hörmət əlaməti olaraq “müəllim” kimi müraciət edirik. Ona görə də düşünürəm ki, müəllimə qətiyyən fiziki təzyiq və yaxud hörmətsizlik yolverilməzdir.

Mən bu şəkildə əslində qəbul edirəm. Yəni şagirdin əgər müəllimə qarşı hörmətsizliyi olacaqsa, müəllimə qeyd olunan 200 manat cərimənin iki qatı — 400 manat — şagirdə tətbiq olunmalıdır, daha doğrusu valideyninə tətbiq olunmalıdır. Yəni bu, birmənalı belədir. Çünki bu, istər-istəməz orta ümumtəhsil məktəblərində müəllimə hörmətsizliyin qarşısını almış olacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
50
1
redaktor.az

2Mənbələr