ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə martın 9-u və 15-də keçirilən buraxılış imtahanlarının nəticələri və imtahanların çətinlik səviyyəsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində nəticələrin əvvəlcədən gözlənilən statistik göstəricilərlə üst-üstə düşdüyünü deyib.
“Hazırkı nəticələrə baxanda görürük ki, ötən illə müqayisədə ümumi mənzərə dəyişməyib. Yenə zəif, orta və yüksək nəticə göstərənlər var”, - deyə Məleykə Abbaszadə qeyd edib.
DİM sədri bildirib ki, koqnitiv bacarıqları ölçən sualların artması orta balın müəyyən qədər aşağı düşməsinə təsir göstərib və bu da əvvəlcədən gözlənilən idi.
Məleykə Abbaszadə həmçinin 9 və 15 mart tarixlərində keçirilən imtahanların çətinlik səviyyəsinin fərqli olması ilə bağlı iddialara da aydınlıq gətirib.
Onun sözlərinə görə, ev şəraitində suallara baxmaqla, imtahan zamanı həmin tapşırıqları cavablandırmaq eyni deyil.
“İmtahan şəraitində vaxt məhdudiyyəti, həyəcan və digər amillər nəticəyə təsir edir”, - deyə o vurğulayıb.
DİM sədri qeyd edib ki, hər iki imtahan əvvəlcədən təsdiqlənmiş modelə uyğun hazırlanıb və istifadə olunan sual tipləri barədə məlumatlar öncədən ictimaiyyətə təqdim olunub.
“İki imtahan arasında fərqli çətinlik səviyyəsindən söhbət gedə bilməz”, - deyə Məleykə Abbaszadə əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.