AZ

Toy və yas məclisləri dəyişir SƏBƏB

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan cəmiyyətində toy və yas mərasimləri uzun illər insanların bir araya gəldiyi, sosial münasibətlərin möhkəmləndiyi əsas ənənələrdən biri olub. Lakin son dövrlər bir çox insanın bu məclislərə əvvəlki həvəslə qatılmadığı, bəzi hallarda isə məcburiyyət kimi yanaşdığı müşahidə edilir. Sosial dəyişikliklər, maddi yük, zaman azlığı və münasibətlərdəki məsafələşmə bu tendensiyanın əsas səbəbləri kimi göstərilir.Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, əsasən vəziyyət prinsipial olaraq dəyişməyib:“İnsanların toydan və yas mərasimlərindən daha çox uzaqlaşmasının, bu tip mərasimlərə daha az vaxt ayırmasının, eləcə də evliliklərin sayının azalması və boşanmaların artmasının əsas səbəbləri oxşar amillərlə bağlıdır. Bu səbəblər sırasında insanların həddindən artıq qayğılarla yüklənməsi, texnologiyaya daha çox bağlılıq, telefon və elektron sistemlər üzərində uzun müddət vaxt keçirməsi mühüm yer tutur. Eyni zamanda gündəlik həyat tələbatlarını qarşılamaq üçün insanların yüksək gərginlik şəraitində işləməsi də bu prosesə təsir göstərir. Digər mühüm amil isə həyat tərzində baş verən dəyişikliklərdir. Əvvəllər kənd yerlərində təsərrüfat fəaliyyəti ilə məşğul olan insanlar indi daha çox şəhər tipli həyat tərzinə üstünlük verirlər. Onlar ya böyük marketlərdən alış-veriş edirlər, ya da maaşlı işlərdə çalışaraq gəlirlərini bu şəkildə təmin edirlər. Bəzən isə hər iki fəaliyyət paralel şəkildə davam edir. Nəticədə insanlar həm iş, həm də gündəlik məişət qayğılarına daha çox vaxt sərf edirlər. Bu isə ümumi rifah səviyyəsinin gözlənildiyi qədər yüksək olmadığını göstərir. Ümumi iqtisadi göstəricilərdə müəyyən irəliləyişlər müşahidə olunur. Orta təbəqənin formalaşması ilə bağlı müsbət tendensiyalar var. Əhalinin gəlirlərində artım qeydə alınsa da, inflyasiya da paralel şəkildə mövcuddur. Həm görünən, həm də görünməyən inflyasiya hiss olunur. Bəzi məhsulların qiyməti sabit qalsa da, əksər istehlak mallarında, xüsusilə gündəlik qida məhsullarında son illərdə ciddi bahalaşma baş verib. Bu da qiymətlərin ümumilikdə artımını göstərir”.O bildirib ki, iqtisadi çətinliklər və yaşayış tərzi ilə bağlı problemlər insanların narazılığına və narahatlığına səbəb olan əsas amillərdəndir:“Eyni zamanda, Azərbaycanda və dünyada toy və yas mərasimləri ilə bağlı müəyyən sadələşdirmə meylləri müşahidə olunur. Bu istiqamətdə həm dövlət səviyyəsində tədbirlər görülür, həm də cəmiyyət özü bu dəyişikliklərə uyğunlaşır. Bunun nəticəsində insanlar daha çox şəxsi azadlıqlarına əsaslanaraq fərqli həyat tərzi seçirlər. Bəziləri toy mərasimlərindən imtina edərək vətəndaş nikahına üstünlük verir, bəziləri isə dini nikahla kifayətlənir. Bu da xüsusilə gənclər arasında geniş yayılmış tendensiyadır. Beləliklə, məclis mədəniyyətinin tamamilə zəifləməsindən yox, daha çox məhdudlaşmasından söhbət gedir. Toylara maraq ümumilikdə azalmayıb, lakin insanlar artıq böyük xərclər əvəzinə daha rasional seçimlər etməyə üstünlük verirlər. Vəsaitlərini daha faydalı istiqamətlərə yönəltməyi seçirlər. Bu da müəyyən mənada müsbət tendensiya kimi dəyərləndirilə bilər. Ümumilikdə müəyyən zəifləmə və dəyişiklik müşahidə olunsa da, bu, həyəcan doğuracaq bir vəziyyət deyil. Ənənələri qorumaq və onları dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək daha məqsədəuyğundur. Bu vəziyyətin müvəqqəti olduğu, insanların həyat şəraiti yaxşılaşdıqca ənənəvi mərasimlərin də daha geniş şəkildə bərpa olunacağı ehtimal edilir. Təbii ki, heç kimə yas arzulanmır. Toy mərasimləri isə hər bir ailə üçün xoşbəxtliyin simvoludur. Ona görə də bu ənənələrdən imtina etmək yox, onları zamanın tələblərinə uyğun şəkildə daha da zənginləşdirmək, milli dəyərlərlə inkişaf etdirmək və gələcək nəsillərə ötürmək daha düzgün yanaşmadır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
demokrat.az

1Mənbələr