Moskva bəyan edib ki, bəzi ölkələrdə ABŞ-nin sorğusu əsasında Rusiya vətəndaşlarının saxlanılması və ekstradisiyası təhlükəsi mövcuddur...
Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin çoxtərəfli insan hüquqları əməkdaşlığı departamentinin direktoru Qriqori Lukyantsev xaricə səfər edən Rusiya vətəndaşlarını ABŞ-ın sorğuları əsasında üçüncü ölkələrdə saxlanılma və ekstradisiya risklərini nəzərə almağa çağırıb.
Rusiya rəsmisinin sözlərinə görə, təkcə Avropa İttifaqı ölkələri deyil, daha geniş coğrafiyada yerləşən bir sıra dövlətlərin də ekstradisiya ilə bağlı müəyyən beynəlxalq öhdəlikləri mövcuddur. O bildirib ki, xaricə gedən şəxslər səfər planlaşdırarkən qarşılaşa biləcəkləri hüquqi və təhlükəsizlik risklərini əvvəlcədən qiymətləndirməlidirlər.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda ABŞ-ın müraciətləri əsasında Rusiya vətəndaşlarının saxlanılması baxımından “yüksək riskli” hesab olunan ölkələrin siyahısı da açıqlanıb. Siyahıya Avropanın böyük hissəsi, Latın Amerikası ölkələrinin əksəriyyəti, həmçinin Ermənistan, Kanada, Avstraliya, İsrail, Sinqapur, Tailand, Cənubi Koreya, Mərakeş və digər dövlətlər daxil edilib.
Bundan əlavə, siyahıda Maldiv adaları, Fici, Şri-Lanka və Liberiya kimi ölkələrin də adı çəkilib.
Rusiya XİN qeyd edib ki, açıqlanan siyahı tam deyil və ABŞ ilə ekstradisiya müqavilələri olan bütün dövlətləri əhatə etmir. Moskva hesab edir ki, bəzi hallarda Vaşinqtonun hüquqi mexanizmlərdən siyasi təzyiq vasitəsi kimi istifadə etdiyi ehtimalı nəzərə alınmalıdır.
Poliqon.info