AZ

"Bizim imtahanların məqsədi şagirdləri çaşdırmaq deyil" - DİM sədri

Ümumi riyazi biliklər ölkədə elə də yaxşı səviyyədə deyil.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA İnformasiya Agentliyinə müsahibəsində deyibb.

DİM sədri qeyd edir ki, buraxılış imtahanında statistikaya görə 1 çətin sual olub:

"f(x)=ax2+bx+c funksiyasının qrafikinə aid yazılı cavab tələb edən açıq tipli tapşırıq. Bu suala 86,8 faiz şagird cavab verə bilməyib. 1 (tam) balı 3,6% şagird toplayıb. 4,14% şagird 23 bal, 5,39% şagird 13 bal, 10,87% şagird 0 bal toplayıb. 76,01% iştirakçı isə sualı cavablandırmaqdan imtina edib. Bu sualın cavablandırılması 2–3 dəqiqə vaxt tələb edir. 9-cu sinif dərsliyinə aiddir və tam proqram çərçivəsindədir. (Digər sualları göstərir) Hansı suallarda tələ var? Biz hər cavablandırma müddətinə uyğun sual tərtib edirik: 1–5 saniyəyə 4 sual, 6–10 saniyəyə 3 sual, 11–20 saniyəyə 3 sual, 21–30 saniyəyə 4 sual, 30–60 saniyəyə 4 sual və 1–5 dəqiqəyə 7 sual - yazılı cavab tələb edən tapşırıqlar cavablandırıla bilər. Ümumilikdə 45-50 dəqiqə kifayət edir. Qalan 15–10 dəqiqə isə sualları yoxlamağa və kodlaşdırmağa sərf olunur. Buraxılış imtahanında 18 asan sual var. Nə üçün onlara bu suallar çətin gəlir? Çünki şagird gərək riyaziyyatı lap aşağı siniflərdən öyrənməyə başlasın.

Burada birinci problem valideynlərin özlərinin riyazi biliklərinin hazırkı tədris proqramına uyğun olmaması ilə əlaqədardır. Riyazi biliklər zəncirvarı xarakter daşıyır və əvvəlki biliklər formalaşmadan növbəti mərhələyə keçmək mümkün olmur. Şagird natural ədədlərlə işləməyi bacarmırsa, rasional ədədlərə, daha sonra isə cəbrə keçməkdə çətinlik çəkəcək. Buna görə də riyazi təməl ibtidai siniflərdən düzgün formalaşdırılmalıdır. Bir-iki ilə riyazi qabiliyyətləri formalaşdırmaq mümkün deyil. Müəllim natural ədədləri bilməyən şagirdə deyə bilməz ki, səni bir-iki ilə imtahana tam hazır edəcəyəm.

Bizim suallarımız proqrama tam uyğundur. Suallar müxtəlif səviyyələr üzrə hazırlanır: sadə suallar zəif nəticə göstərənlərlə müəyyən biliyi olanları fərqləndirməyə, orta və çətin suallar isə yaxşı nəticə göstərən şagirdləri seçməyə xidmət edir. Əgər bütün suallar sadə olsa, hazırlıqlı və istedadlı şagirdləri digərlərindən fərqləndirmək mümkün olmaz.

Builki buraxılış imtahanında 280-dən yuxarı bal toplayan 896 nəfər var. Bura hələ Naxçıvanda keçirilən imtahanın nəticələri daxil deyil. Bu nəticələr 54 müxtəlif region üzrə qeydə alınıb. Yəni demək olar ki, hər bölgədən yüksək nəticə əldə edənlər var. Onlar 300 bal toplayanlardan çox cüzi fərqlənirlər. Onu da deyim ki, bu fərqi müəllim tam şəkildə aşkara çıxara bilməz. Amma biz müəyyən tapşırıqlarla kiçik bal fərqi ilə olsa da, onları ayırd edə bilirik".

"Bizim imtahanların məqsədi şagirdləri çaşdırmaq deyil, onların bilik və bacarıqlarını daha dəqiq ölçməkdən ibarətdir. Mən istərdim ki, belə fikirlər səsləndirənlər heç olmasa, bir konkret misal göstərsinlər ki, hansı sual tələyə salmağa hesablanıb. Sadəcə ümumi fikir deməklə bunu iddia etmək düzgün deyil. Sosial şəbəkələrdə yazılan şərhlərə və ya ayrı-ayrı fikirlərə baxıb ümumi nəticə çıxarmaq da doğru yanaşma deyil. Statistika bir nəfərin, yüz nəfərin, hətta min nəfərin fikri əsasında formalaşmır, amma təəssüf ki, bəzən sosial şəbəkədə yazılanlar yanlış ictimai rəyin formalaşmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, imtahanda yüz mindən artıq şagird iştirak edir. Məsələn, hansısa kursun 50-60 şagirdi “imtahan çətin idi” deyirsə, bu, hələ ümumi nəticəni ifadə etmir. Statistika fərqli anlayışdır və daha geniş məlumat – data əsasında aparılmalıdır. Bununla bağlı tam dəqiq statistik məlumatlar bütün nəticələr açıqlanandan sonra təqdim olunacaq" - Məleykə Abaszadə qeyd edib.

Seçilən
25
3
ucnoqta.az

10Mənbələr