AZ

Nevroloq beyin fəaliyyətini dəstəkləyən ən faydalı məhsulları açıqlayıb

Qidalanma təkcə ümumi sağlamlığa deyil, həm də beyin fəaliyyətinə təsir göstərir. Bəzi məhsullar yaddaşı, diqqət konsentrasiyasını və düşünmə sürətini dəstəkləyə bilər...

Poliqon xəbər verir ki, bu barədə nevroloq Olqa Zinçeva gazeta.ru-ya müsahibəsində danışıb.

Mütəxəssis bildirib ki, hətta ən faydalı məhsullar belə fərdi xüsusiyyətlər nəzərə alınaraq seçilməlidir, çünki eyni qidaya insanların reaksiyası ciddi şəkildə fərqlənə bilər.

"Qidalanma rasionu tərtib edilərkən yalnız ümumi tövsiyələr deyil, şəxsi dözümlülük də nəzərə alınmalıdır. Əgər yeməkdən sonra narahatlıq, ağırlıq hissi və ya digər xoşagəlməz simptomlar yaranarsa, qidalanma yenidən nəzərdən keçirilməlidir", deyə həkim izah edib.

Zinçevanın sözlərinə görə, beyin üçün ən dəyərli məhsullardan biri qozdur. Qoz tərkibindəki faydalı yağlar, antioksidantlar və mikroelementlər sayəsində damar və sinir sisteminin sağlamlığını dəstəkləyir, həmçinin yaddaş və emosional vəziyyətə müsbət təsir göstərir.

Koqnitiv sağlamlıq üçün faydalı məhsullardan biri də brokolidir. Bu tərəvəz antioksidantlar və hüceyrələri zədələnmədən qoruyan birləşmələrlə zəngindir. Brokolini gündəlik rasiona asanlıqla daxil etmək mümkündür — onu omletlərə, sobada bişirilən yeməklərə, sup-püreyə əlavə etmək və ya qoz və pendirlə birlikdə istifadə etmək olar.

Beyin üçün digər vacib məhsul qırmızı balıqdır. O, sinir sisteminin normal fəaliyyəti üçün vacib olan omeqa-3 yağ turşularının mənbəyidir. Belə balığın mütəmadi qəbulu xüsusilə yaş artdıqca diqqət, yaddaş və koqnitiv qabiliyyətlərin qorunmasına kömək edir.

Mütəxəssisin sözlərinə görə, tünd şokolad da beyin fəaliyyətinə müsbət təsir göstərə bilər. Tərkibindəki maqnezium və flavonoidlər sayəsində qan dövranını yaxşılaşdırır və zehni aktivliyi dəstəkləyir.

"Ən faydalı variant yüksək kakao tərkibli acı şokolad hesab olunur. Burada şəkər daha az, damar və beyin fəaliyyətinə müsbət təsir edən maddələr isə daha çoxdur", deyə Zinçeva qeyd edib.

Giləmeyvələr arasında həkim xüsusilə qaragiləni (çernika) vurğulayıb. O, yüksək miqdarda antioksidantlarla zəngindir və beyin hüceyrələrini yaşlanma prosesindən qorumağa, koqnitiv funksiyaları dəstəkləməyə kömək edir. Bundan əlavə, görmə qabiliyyətinə də müsbət təsir göstərir.

Ekspert sonda xatırladıb ki, müəyyən məhsulların qəbulundan sonra xoşagəlməz reaksiyalar yaranarsa, simptomlar nəzərə alınmamalıdır. Belə hallarda həmin məhsul rasiondan çıxarılmalı və zərurət olduqda qida dözümsüzlüyü üzrə müayinədən keçmək tövsiyə olunur.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr