AZ

Mis bazarında kəskin dəyişiklik: Çində tələbin zəifləməsi qiymətləri ucuzlaşdırır  

Mis qiymətləri son günlər rekord səviyyədən geri çəkilib. Buna səbəb Çində tələbin zəifləməsi və eyni zamanda qlobal investorların ABŞ və Çin liderləri Si Szinpin və Donald Trampın görüşünü izləməsidir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg yazır.

Məlumata görə, 14 may cümə axşamı London Metal Birjasında misin qiyməti 1,9% düşüb və ardıcıl 8 günlük artım zəncirini dayandırıb. Bundan əvvəl qiymətlər dünya üzrə mədənlərdə yaranan fasilələr səbəbindən mümkün təchizat çatışmazlığı və süni intellekt sektorundan artan tələb gözləntiləri fonunda yüksəlmişdi.

Analitiklər bildirirlər ki, qiymətlərin artması Çində tələbi ciddi şəkildə zəiflədib. "Cofco Futures Co" analitiki Syu Vançyu qeyd edib ki, daha da bahalaşma davamlı olmaya bilər, baxmayaraq ki, daxili bazarda misin qiyməti 105 000 yuan (təxminən 15 466 dollar) səviyyəsində dalğalana bilər.

Bununla yanaşı, Çində vergi orqanlarının "faktura iqtisadiyyatı" adlanan saxta əməliyyatlara qarşı mübarizəsi də bazara təsir edir. Bu addımlar metal bazarında likvidliyi azaldıb və idxalın ləngiməsinə səbəb olub.

Bakı vaxtı ilə saat 07:17-yə olan məlumata görə, misin qiyməti 1,6% azalaraq ton başına 13 923,50 dollara düşüb. Bu isə 1 kiloqram metalın qiymətinin 13,92 dollar olması deməkdir.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr