AZ

Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər

Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxış edib.

O, təəssüflə qeyd edib ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir:

"Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər".

H.Hacıyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdiyini də xatırladıb.

Prezidentin köməkçisi həmçinin bildirib ki, beynəlxalq institutların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir:

"Qlobal Cənubun səsi bu institutda kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb. Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsinin eşidilməsi və onun ədalətli təmsilçiliyi əsas prioritetlərdən biri olmalıdır".

O eyni zamanda Azərbaycanın özünü Qlobal Cənubun bir hissəsi hesab etdiyini diqqətə çatdırıb:

"Biz coğrafi, tarixi, mədəni baxımdan və həmçinin taleyimiz etibarilə Qlobal Cənubun bir hissəsiyik. Çünki Azərbaycan da müstəqilliyi dövründə və ümumilikdə bütün tarixi boyunca bu çətinliklərdən keçib. Xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik məsələlərini vurğulamaq istəyirəm. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük. Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır".

Prezidentin köməkçisi vurğulayıb ki, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlıq mövcuddur:

"Bu əməkdaşlıq müxtəlif sahələr üzrə inkişaf etməyə davam edir. Etiraf etməliyik ki, biz qlobal nizamsızlıq dövründə yaşayırıq. Yeni təhdidlər, çağırışlar və qeyri-müəyyənliklər meydana çıxır. Təəssüf ki, tarix boyu yeni dünya nizamı formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə də İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib. Dünya Qlobal Cənub ölkələrinin iştirakı, cəlbi və fəal mövcudluğu olmadan formalaşdırılıb. Hazırda isə böyük potensialını və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yalnız formalaşmaqda olan yeni dünya nizamının müşahidəçisi və tamaşaçısı ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər".

Seçilən
10
20
anspress.com

10Mənbələr