2026-cı il mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gülüstan Sarayı”nda Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyası keçiriləcək. Toplantıda Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsini əhatə edən regionlardan, dünya əhalisinin təxminən 80 faizini təmsil edən 110-dan çox ölkənin QHT nümayəndələri iştirak edəcəklər.
QHT.az xəbər verir ki, yeni dünya düzəninin formalaşdığı, geosiyasi ayırıcı xətlərin yenidən müəyyənləşdirildiyi bir dövrdə yaradılan GSNP qlobal təklənməyə qarşı həmrəyliyin və əməkdaşlığın vacibliyinin aydın ifadəsidir.
GSNP Qoşulmama Hərəkatı məkanında fəaliyyət göstərən QHT-ləri birləşdirən ilk və yeganə platformadır. Hərəkatda təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu təşəbbüsdə yer alması həm Azərbaycan, həm də bütövlükdə Qlobal Cənub üçün nadir hadisə hesab olunur.
Platformanın fəaliyyət fəlsəfəsi 71 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi Bandunq prinsiplərinə əsaslanır. Həmin prinsiplər dövlətlərin daxili işlərinə qarışmamağı, dinc və ədalətli dünya nizamının qurulmasını, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti, xalqlar arasında bərabərliyin təmin olunmasını təşviq edir. Eyni zamanda, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa və iqtisadi rifah naminə birgə fəaliyyətə çağırır.
Azərbaycan fəal diplomatiyası vasitəsilə Qlobal Şimal ilə Qlobal Cənub arasında mövcud mövqe fərqlərinin aradan qaldırılmasına, daha inklüziv və səmərəli dialoqun təşviqinə, eləcə də qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verməyə çalışır.
Prezident İlham Əliyev 2025-ci il aprelin 28-də GSNP-nin təsis konfransı iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycanın bu Platformanın məhz Bakıda yaradılmasını Qoşulmama Hərəkatına və COP29-a sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymət kimi qəbul edir.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etmiş Azərbaycan az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, eləcə də bütövlükdə Qlobal Cənubun qarşılaşdığı problemləri dərindən anlayır.
GSNP-nin I Baş Assambleyasında təşkilata növbəti 5 il ərzində rəhbərlik edəcək Baş katib, eləcə də Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionları üzrə 4 müavin seçiləcək.
Azərbaycanın QHT Agentliyi isə GSNP Baş Assambleyasının əsas tərəfdaşı olmaqdan qürur duyduğunu bildirib.