Nümayəndələr Palatasında prosedur təşəbbüsü sənədin səsverməyə çıxarılmasını məcburi edir...
ABŞ Konqresi Ukraynaya 1,3 milyard dollarlıq hərbi yardım paketini may ayının sonunda müzakirəyə çıxara bilər.
Poliqon xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, Kaliforniyadan olan müstəqil konqresmen, Respublikaçılar fraksiyasına daxil olan Kevin Kiley sənədin müzakirəyə çıxarılmasını tələb edən petisiyanı imzalayıb. Bu addım Nümayəndələr Palatasının rəhbərliyini qanun layihəsini müəyyən müddət ərzində səsverməyə çıxarmağa məcbur edən prosedur mexanizmi işə salır.
Qeyd olunur ki, Kiley bu petisiyanı imzalayan 218-ci qanunverici olub. Bu göstərici sənədin avtomatik olaraq gündəliyə daxil edilməsi üçün tələb olunan minimum say həddinə çatdırılıb.
Sənəd 2025-ci ilin aprelində Demokrat konqresmen Gregory Meeks tərəfindən təqdim edilib. Layihə Ukraynaya təhlükəsizlik sahəsində 1,3 milyard dollar həcmində yardım və əlavə olaraq 8 milyard dollara qədər güzəştli kreditlərin ayrılmasını nəzərdə tutur.
Məlumata görə, qanun layihəsi bir ildən artıqdır ki, Konqresdə hərəkətsiz qalıb. Bu vəziyyət Nümayəndələr Palatasının spikeri Mike Johnson üçün siyasi təzyiqi artırıb.
“The New York Times” yazır ki, Johnson Respublikaçılar fraksiyası daxilində birlik saxlamaq və eyni zamanda qanunvericilik prosesini idarə etməkdə çətinliklərlə üzləşir.
Analitiklərin fikrincə, sənədin müzakirəyə çıxarılması ABŞ-ın Ukrayna siyasəti və müdafiə xərcləri ilə bağlı daxili siyasi balansı yenidən gündəmə gətirə bilər.
Poliqon.info