Tayland hakimiyyəti xarici turistlər üçün vizasız qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır.
Hakimiyyet.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sixasak Pxuanqketkeou bildirib.
Nazir deyib: "Biz inanırıq ki, 60 gün çox uzundur və əsl turist olmayan bəzi insanlar vizasız rejimdən qanunsuz məqsədlər üçün istifadə edirlər. Biz nəzarəti gücləndirmək istəyirik".
Pxuanqketkeounun sözlərinə görə, Xarici İşlər Nazirliyi turistlər üçün vizasız qalma müddətini qısaltmaqdan ötrü Nazirlər Kabinetinə plan təqdim edəcək. O, bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib.
Bundan əlavə, nazir bildirib ki, səlahiyyətlilər bir neçə viza kateqoriyasını nəzərdən keçirəcəklər, çünki onların sayı çoxdur və bəziləri birləşdirilə bilər.
Tayland xarici işlər naziri qeyd edib ki, bu tədbirlər uzadılmış vizaların sui-istifadəsinin və bəzi turistlərin qanunsuz fəaliyyətlərə cəlb edilməsinin qarşısını almağa yönəlib.