“2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
Şəki rayonunun Aşağı Şabalıd kənd sakinləri kənddəki qazsızlıq problemindən şikayətləniblər.“BUTA.TV” xəbər verir ki, sakinlərin sözlərinə görə, 500 nəfərdən çox şəxsin yaşadığı bu yaşayış məntəqəsində indiyədək mavi yanacaq olmayıb. Qeyd ediblər ki, odun tədarük etmək həm fiziki, həm də maddi baxımdan böyük çətinliklər yaradır. Belə ki, qış mövsümünü başa vurmaq üçün hər ailə orta hesabla 1500-2000 manat civarında vəsait xərcləməli olur. “Odun daşımaqdan yorulmuşuq, hisin-pasın içində can veririk. İki oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər. Deyir ki, nə üçün yaşayıram burada”, – sakinlərdən biri söyləyib. Digər bir vətəndaş isə qeyd edib: “Qış aylarında odun üçün təxminən 1500-2000 manat civarında xərcim çıxır. Bundan əlavə, hər ay qaz balonunu doldurmaq üçün 27-30 manat ödəyirəm. Çox acınacaqlı vəziyyətdəyik”. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən qeyd olunub ki, qazlaşma proqramı qurumun daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir:“Şəki rayonunun Aşağı Şabalıd kəndində küçə qaz xətlərinin çəkilişi işlərinə maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər”. Daha ətraflı “Baku TV”nin süjetində: