İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının üzvləri Marsela Çavoyova və Zuzana Mateyçikova ilə görüşüb.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Görüş zamanı Ombudsman Səbinə Əliyeva Azərbaycan və Slovakiya dövlətləri arasında sıx əlaqələrin mövcud olduğunu bildirib.
Ombudsman qonaqlara bu yaxınlarda ölkəmizə səfər edən slovakiyalı həmkarı ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında mövcud olan dostluğa və tərəfdaşlığa əsaslanan əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Müvəkkil qonaqları mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumatlandırıb.
Səbinə Əliyeva ötən illər ərzində mandatının genişləndirildiyini, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qruplarının yaradıldığını, bu sahədə müsbət təcrübələrin əldə olunduğunu qeyd edib.
Slovakiya Milli Şurasının üzvləri Marsela Çavoyova və Zuzana Mateyçikova öz növbələrində səmimi qəbula görə Ombudsmana təşəkkürlərini ifadə edib, iki ölkə arasında çoxşaxəli əlaqələrin uğurla davam etdirildiyini, Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini bildiriblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.