AZ

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

ABŞ Prezidenti Donald Trampın bu həftə Çinə reallaşan rəsmi səfəri dünya iqtisadiyyatının iki nəhəngi arasındakı rəqabəti yenidən gündəmə gətirib. 

“Euronews” telekanalı xəbər verir ki, 2017-ci ildən bəri ilk dəfə Pekinə səfər edən Trampın bu görüşü həm iqtisadi, həm də texnoloji liderlik uğrunda gedən mübarizənin kəskinləşdiyi bir dövrə təsadüf edir. Hazırkı rəqəmlər hər iki ölkənin qlobal gücünü fərqli tərəflərdən nümayiş etdirir. Belə ki, 2026-cı il proqnozlarına görə, ABŞ-nin iqtisadiyyatı 30 trilyon ABŞ dolları, Çininki isə 20 trilyon ABŞ dolları keçəcək. Çin iqtisadiyyatı 2017-ci ildən bəri orta hesabla 5,48 faiz böyüyərək, ABŞ-dən (2,5 faiz) iki dəfə daha sürətli inkişaf edir. Adambaşına düşən gəlirdə ABŞ 94 min ABŞ dolları ilə Çini (15 min ABŞ dolları) xeyli qabaqlayır.

Səfərdə Trampı İlon Mask (“Tesla”), Tim Kuk (“Apple”) və Censen Huanq (“Nvidia”) kimi texnologiya nəhəngləri müşayiət edəcək. Tərəflər arasında müəyyən mövzularda müzakirələr aparılacaq. 

Hər iki ölkə müdafiə sahəsinə nəhəng vəsaitlər ayırır. ABŞ-nin illik hərbi büdcəsi 1 trilyon ABŞ dolları keçdiyi halda, Çinin müdafiə xərcləri 336 milyard ABŞ dolları civarındadır. Çin 3,2 trilyon ABŞ dollar ilə dünyanın ən böyük valyuta ehtiyatına sahibdir və son 18 aydır fasiləsiz olaraq qızıl ehtiyatlarını artırır. ABŞ isə dolların qlobal ticarətdəki hakim mövqeyindən faydalanmağa davam edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr