Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanda keçiriləcək hərbi paradla bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, Paşinyan seçicilərlə görüşü zamanı bildirib ki, Respublika Meydanında keçiriləcək paraddan sonra hərbi texnika gün ərzində Tiqran Mets prospektində nümayiş olunacaq.
O qeyd edib ki, Ermənistan artıq yeni silahlara və yeni məntiqə malik orduya sahibdir. Baş nazir vətəndaşları mayın 28-də Respublika Meydanına gələrək hər şeyi öz gözləri ilə görməyə çağırıb.
Paşinyan çıxışında hakimiyyətin ən böyük nailiyyətinin sülhün təmin olunması olduğunu vurğulayıb. O, siyasi rəqiblərini “üçbaşlı müharibə partiyası” adlandıraraq bildirib ki, “2018-ci ildə həmin partiyanın 23 başı var idi. Biz bura həmin 23 başı bir-bir kəsərək gəldik və indi 3 baş qalıb. Qarşıdan gələn seçkilərdə bu üç başı da birlikdə kəsməliyik”.