Prezident İlham Əliyev Bakı Metropoliteni QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, "Bakı Metropoliteni" Bakı Bus və Bakı Taksi Xidməti MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilir.
Maraqlıdır, bəs görəsən, taksi xidmətində ödənişləri "Bakı Kart" ilə etmək mümkün olacaq?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən bildirilib ki, proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib:
“Bakı Bus MMC və Bakı Taksi Xidməti MMC-nin Bakı Metropoliteni QSC-yə qoşulması ilə baş vermiş müvafiq yenilik şəhərdaxili ictimai nəqliyyatda vahid idarəetmə modelinə keçidin tərkib hissəsidir. Proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib.
Hazırkı mərhələdə əsas məqsəd müxtəlif nəqliyyat növlərinin vahid sistem daxilində daha səmərəli və koordinasiyalı idarə olunmasını təmin etməkdir. Gələcəkdə bu baxımdan sərnişinlər üçün ödəniş mexanizmlərinin daha rahat, çevik və rəqəmsal həllər əsasında inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar nəzərdən keçirilə bilər. Bununla belə, hər hansı yeni modelin tətbiqi ilə bağlı qərarlar yalnız texniki, əməliyyat və iqtisadi qiymətləndirmələrdən sonra veriləcək.