AZ

Qaradağda köhnə idarəetmənin yeni üzü...

Bu gün Qaradağ rayonunu Süleyman Mikayılovun uzun illər yaxın ətrafında yer alan Emil Abbasov idarə edir...

Bu ilin yanvar ayında 16 il Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılov vəzifədən azad edildi. O, uzun illər müxtəlif rayonlarda icra başçısı kimi fəaliyyət göstərmişdi - 2005–2010-cu illərdə Lənkəran Şəhər İcra Hakimiyyətində, 2010–2026-cı illərdə isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində. Son iş yeri də məhz Qaradağ Rayon İcra Hakimiyyəti oldu.

Poliqon bizimesr.com portalına istinadən xəbər verir ki, qısa müddət sonra məlum oldu ki, Süleyman Mikayılovun işdən çıxarılmasına son dövrlər yol verdiyi çoxsaylı nöqsanlar səbəb olub. Məlumata görə, bunların ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılması idi. Onun fəaliyyəti dövründə aşkarlanan problemlər dövlət qurumlarının məsələ ilə bağlı ciddi addımlar atmasına səbəb olub.

Kiçik xatırlatma edək ki, ötən ilin noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar.

Hazırda isə Qaradağ Rayon İcra Hakimiyyətində icra başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov həyata keçirir. Elə əsas məsələ də budur...

Qaradağ icra hakimiyyətində rüşvətxorluq və korrupsiya halları mövcud olub və bu səbəbdən 5 vəzifəli şəxs həbs olunub, daha sonra icra başçısı Süleyman Mikayılov vəzifədən çıxarılıb.

Ümumiyyətlə, korrupsiya iddiaları, həbslər və digər neqativ səbəblərlə vəzifədən uzaqlaşdırılan icra başçılarının birinci müavinləri nə dərəcədə məsuliyyətdən kənar sayıla bilər?

Məntiqlə yanaşdıqda, illərlə həmin idarəetmənin içində olmuş, baş verən prosesləri yaxından izləyən şəxslərin tamamilə xəbərsiz olması inandırıcı görünmür. Hətta birbaşa iştirak etməsələr belə, ən azından göz yumduqları aşkar faktdır. Buna baxmayaraq, fakt budur ki, bu gün Qaradağ rayonunu məhz Süleyman Mikayılovun uzun illər yaxın ətrafında yer alan Emil Abbasov idarə edir.

Bizimesr.com-a Qaradağdan daxil olan məlumatlara görə, Emil Abbasovun idarəçilik üslubu əvvəlki rəhbərlikdən ciddi şəkildə fərqlənmir. Sadəcə, proseslərin idarə olunma forması dəyişib. İddialara əsasən, aylardır rayona rəhbərlik edən Emil Abbasov Süleyman Mikayılova yaxın olmuş şəxslərə qarşı açıq təzyiq siyasəti yürüdür. Bildirilir ki, həmin şəxslərə müxtəlif vasitələrlə “ya özünüz gedin, ya da yeni icra başçısı təyin olunandan sonra işdən çıxarılacaqsınız” mesajları göndərilir.

Maraqlıdır ki, Emil Abbasov özü də uzun illər məhz Süleyman Mikayılovun komandasında çalışıb və onun əsas tapşırıqlarını yerinə yetirən şəxslərdən biri hesab olunub.

Məlumatlı mənbələrin iddiasına görə, Emil Abbasov Qaradağın daimi icra başçısı olmaq niyyətindədir və bu istiqamətdə müəyyən əlaqələrindən istifadə etməyə çalışır. Lakin deyilənlərə görə, bəzi dəstək və əlaqələrinə baxmayaraq, onun bu istəyinin reallaşması o qədər də inandırıcı görünmür. İddialara əsasən, yaxın vaxtlarda Qaradağ rayonuna yeni icra başçısının təyin olunacağı gözlənilir və həmin şəxsin Emil Abbasov olmayacağı bildirilir.

Digər diqqətçəkən iddia isə rayonda qanunsuz tikintilərlə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun vəzifədən uzaqlaşdırılmasından sonra Emil Abbasova yaxın şəxslər tərəfindən Qaradağda qanunsuz tikintilərin sayı daha da artıb.  “Nə qədər burdayam, nə lazımdır edin” prinsipi ilə boş torpaqlar nəzarətə götürülür, müxtəlif ərazilərdə sürətlə tikinti işləri aparılır. Bu gün Qaradağın bəzi hissələrinin faktiki olaraq qanunsuz tikinti meydançasına çevrildiyi iddia olunur.

Emil Abbasov kimdir?

Emil Abbasov uzun illərdir Qaradağ Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışır. O, tanınmış hüquqşünas İlqar Abbasovun oğludur.

Emil Abbasovun ailə əlaqələri də diqqət çəkir. O, Ramiz Mirzəyevin qızı ilə ailəlidir. Ramiz Mirzəyev müxtəlif dövrlərdə AFFA-nın prezidenti, həmçinin Azərneftyağ İstehsalat Birliyinin baş direktoru və energetika nazirinin müavini vəzifələrində çalışıb.

Bundan başqa, Ramiz Mirzəyevin həyat yoldaşı uzun illər Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş mərhum Aslan Aslanovun bacısıdır.

Həmçinin bildirilir ki, Emil Abbasov uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə rəhbərlik etmiş Qərib Məmmədovun qardaşının qız nəvəsidir.

Onu da qeyd edək ki, hazırda Qaradağ Rayon İcra Hakimiyyətində təkcə icra başçısı postu boş deyil. Eyni zamanda icra başçısının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, eləcə də icra başçısının müavini- sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələri də vakant olaraq qalır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... 

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr