Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Telekanallardakı reklamlardan tamaşaçıların tanıdığı həkim-ginekoloq Aytən Səfərova işlədiyi klinikanı yenidən məhkəməyə verib.
Bizimyol.info xəbər verir ki, Aytən Səfərova uzun müddət mama-ginekoloq işlədiyi “Caspian İnternational Hospital”dan 310 min manat tələb edir.
2019-cu ildən “Caspian İnternational Hospital”da çalışmış Aytən Səfərova eyni zamanda, burada Reproduktiv Sağlamlıq Mərkəzinin müdiri olub. O, 2023-cü ildə klinikadan işdən çıxsa da, bir müddət sonra yenidən qayıdıb. Onunla yenidən müqavilə bağlanıb. 2024-cü ilin sonuna yaxın yenidən bu klinikadan işdən ayrılıb.
Aytən Səfərovanın iddiasına görə, birinci dəfə 2023-cü ildə işdən çıxanda ona ödənilməli olan 31 min manat qalmışdı. Onu indiyə qədər ödəməyiblər.
Bundan başqa, ikinci dəfə işdən çıxanda “Caspian İnternational Hospital” tərəfindən ona 18 min manat hesablanmalı olduğu halda, 11 min manat hesablanıb: “Beləliklə, “Caspian İnternational Hospital” tərəfindən ümumilikdə 49 min manat son haqq-hesab pulu hesablanaraq ödənilməli olduğu halda, bu illər ərzində əsassız olaraq, cəmi 11 min manat hesablanıb. Heç bu məbləğ də mənə ödənilməyib”.
Onun sözlərinə görə, işdən çıxandan sonra – 2025-ci ilin avqustunda “Caspian İnternational Hospital”ın vaxtilə verdiyi maaş kartından istifadə etmək istəyəndə onun bloklandığını görüb. Banka müraciət edəndə isə ona bildirilib ki, 2025-ci ilin yanvarında hospitalın sifarişi ilə bloklanıb. Bu səbəbdən ona ödənilməli olan pulu ala bilməyib. Dəfələrlə klinikaya müraciətləri nəticəsiz qalıb.
Aytən Səfərova 2019-2023-cü ildən bu vaxta qədər hər gecikdirilmiş gün üçün 1 faiz ödənc alınmaqla, 244 min 900 manat dəbbə pulu tələb edir. Bundan başqa, 2023-2024-cü illərdə 18 min manat son haqq-hesab pulu, həmin məbləğin məhkəməyə qədər gecikdirilməsinə görə hər gün üçün hesablanmaqla, ümumilikdə 65 min 700 manat dəbbə pulu istəyir. Üstəlik, “Caspian İnternational Hospital” tərəfindən 2019-2024-cü illər ərzində işlədiyi müddətdə ona ödənilməli olan son haqq-hesab pulu olan 49 min manat da nəzərə alınmaqla, ümumilikdə 310 min 600 manat ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırıb.
Məhkəmədə Aytən Səfərovanın vəkili mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırsa da, vəsatət təmin olunmayıb.
“Caspian İnternational Hospital”ın nümayəndəsi isə həkimin iddiasının əsassız olduğunu bildirib. Vəkil məhkəməyə etiraz məktubunda qeyd edib ki, Aytən Səfərovadan pasiyentlərin çoxsaylı şikayətləri vardı. Sonsuzluğun müalicəsilə bağlı onun işində effektivlik azalmışdı. Bütün bunlar nəzərə alınaraq, onunla əmək müqaviləsinə xitam verildi: “O, iddia ərizəsində göstərilən məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib. Məsələ təsdiqini tapmayıb. Əməkhaqqı kartları işçilərlə bank arasında bağlanmış fərdi müqavilələr əsasında bank tərəfindən açılır və kartlar həmin işçilərin şəxsi mülkiyyətit hesab olunur. Klinika bu kartların sahibi və ya istifadəçisi deyil. Yalnız əmək haqqını bank vasitəsilə işçilərin hesabına köçürür. İşçinin işdən azad olunduğu tarixdən sonra klinikanın onun kartına və ya hesabına hər hansı fiziki və ya elektron çıxış imkanı olmayıb. O da əməkhaqqı kartını işdən çıxandan sonra özündə saxlayıb, bir ilə yaxın müddətdə kart üzrə heç bir şikayət bildirməyib”.
Məhkəmə Aytən Səfərovanın iddiasını əsassız sayaraq, onun təmin olunmaması barədə qərar çıxarıb.
Xatırladaq ki, adıçəkilən həkimin keçmiş iş yerinə qarşı ilk məhkəmə şikayəti deyil. Onun “Caspian İnternational Hospital”a qarşı bundan əvvəlki məhkəmə iddiası isə maaş kartının bloklanaraq, ondan xəbərsiz adına yeni maaş kartının alınması və kartında olan vəsaitin hospital tərəfindən çıxarılması ilə bağlı idi.
Aytən, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.