Dünya TV-nin “Kəndə gəl” verilişinin növbəti çəkilişində təsirli anlar yaşanıb. Azərbaycan Karate Federasiyası Aşihara Karate Üslubu üzrə milli komandamız Türkiyənin Antaliya şəhərində keçirilən Aşihara Beynəlxalq Karate Təşkilatının Dünya Çempionatından uğurlu qələbələr əldə edərək, 18 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda dünya ölkələri arasında komanda hesabında 3-cü yerə layiq görüldülər. 18 nəfərdən ibarət komandamız 11 medal qazandılar; 8 qızıl, 1 gümüş, 2 bürünc...
Böyüklər arasında II Dan Qara kəmər sahibi Kənan Quliyev, 12-13 yaş qrupunda, uşaqlar arasında 40 kq çəki dərəcəsində Orxan Şahməmmədov ilk Qızıl medala layiq görülüblər.

Gərgin məşqlərə baxmayaraq, Kənan bəy və Orxan “Kəndə gəl”in qonağı oldular. Çempionluq hissinin sevincini tamaşaçılarla bölüşdülər. Kənan bəy Bədən Tərbiyəsi və İdman naziri Fərid Qayıbova, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevə, Aşihara Karate Üslubunun sədri Şahin Bağırova, Milli Komandanın baş məşqçisi Elnur Xəlilova təşəkkürünü bildirdi.
Orxan Şahməmmədov qələbəsini atası Murad bəyin doğum gününə həsr etdiyini söyləyəndə kövrəldi, göz yaşlarını saxlaya bilmədi. “Ata, qazandığım qələbəm sənindir” – deyib, susdu. Aparıcı Alim Nəbioğlunun “Kənan müəllimi əsəbləşdirəndə sizi necə cəzalandırır” – sualına cavab verməkdən yayındı.

Çempionlarımızı təbrikə gələn gənc müğənni Bəhruz Məmmədzadə öz vətənpərvər mahnılarını oxuyaraq, çempionlarla eyni verilişdə qonaq olduğundan şərəf duyduğunu söylədi. Körpə qonaqlar Turan və Tunar qardaşları çempionları gördükdən sonra idmançı olmaq arzusunda olduqlarını dilə gətirdilər və xatirə şəkilləri çəkdirdilər. Turan və Tunar qardaşlarının atası dəyərli Anar bəy öz övladlarını tezliklə Sulutəpə Aşihara Karate klubuna yazdırıb, Kənan Quliyevdən idmanın sirlərinə yiyələnmək üçün məşqlərə aparacaq.
Biz də Azərbaycan idmanını dünyada tanıtdıran çempionlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq.
Gülarə Hacıyeva