
Azərbaycanın onlayn media tarixinə nəzər saldıqda, Elnur Baimov adından yan keçmək mümkün deyil.
2000-ci illərin əvvəllərində, internet jurnalistikasının ilk rüşeymləri atılanda sığorta sektorundan media rəhbərliyinə gətirilən bu sima, texnoloji yenilikləri xəbər istehsalı ilə birləşdirən ilk şəxslərdən oldu. AFN.az xatırladır ki, mərhum Anar Məmmədxanovun etimadı ilə "Day.az"da ulduzu parlayan Baimov, sonradan "Turbo.az"dan "Oxu.az"a qədər nəhəng bir resurs şəbəkəsinə rəhbərlik etdi. Lakin zaman keçdikcə aydın oldu ki, bu vizyonerlik jurnalistikanın ali prinsiplərinə deyil, tamamilə fərqli və təhlükəli məqsədlərə xidmət edirmiş.
Ucuz trafik və "klikbeyt" bəlası
Baimovun "uğur" hekayəsinin pərdəarxası əslində Azərbaycan media mühitinə vurulan ən ağır zərbələrdən biri idi. O, jurnalistikanı ictimai missiyadan qoparıb, onu "texnoloji təzyiq aləti" və "ucuz trafik mənbəyi" halına gətirdi. Ölkə mediasına "klikbeyt" (clickbait) bəlasını — yəni oxucunu aldatmağa hesablanmış "Şok fakt", "İnanmayacaqsınız" tipli bayağı başlıqlar xəstəliyini o gətirdi, desək, yanılmarıq. Bu yanaşma ciddi jurnalistika ənənələrini məhv etdi, oxucunun inamını qırdı və medianı keyfiyyət yarışından çıxarıb, boş rəqəmlər arxasınca qaçan bir mexanizmə çevirdi.
"Ələbaxan" media, süni məmur obrazı
Baimovun media sisteminə gətirdiyi ən təhlükəli tendensiya jurnalistikanı müstəqil güc mərkəzindən çıxarıb, maliyyə donorlarından asılı, "müti" və "ələbaxan" hala salması oldu. Onun qurduğu modeldə media orqanı xəbər istehsalçısı deyil, sifariş yerinə yetirən bir alət idi.
Onun yüksəlişi həm də siyasi kuluarlardakı merkantil əlaqələrlə bağlı idi. Bir tərəfdən Elnur Aslanovun strateji "çətiri", digər tərəfdən sabiq nəqliyyat nazirinin oğlu Anar Məmmədovla dostluğu onun həm sürətlə varlanmasına, həm də Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi (NİİM) kimi dövlət postlarına "sırımasına" yol açdı. Lakin qısa müddətli məmurluq təcrübəsi onun əsl mahiyyətini — medianı bir reket və piar vasitəsi kimi idarə etmək marağını gizlədə bilmədi.
"Rabitə İşi" və rəqəmsal informasiya reketliyi
Baimovun adının 2015-ci ildəki səs-küylü "Rabitə işi"ndə hallanması təsadüfi deyildi. İttihamlara görə, dövlət büdcəsindən media layihələrinə ayrılan vəsaitlər şəffaf olmayan yollarla şəxsi "rəqəmsal imperiyaların" qurulmasına və trol şəbəkələrinin saxlanılmasına sərf edilib. SEO və texnoloji imkanlardan istifadə edərək müəyyən şəxsləri hədəf seçmək, sonra isə bu məlumatların "təmizlənməsi" üçün sövdələşmələrə girmək klassik mənada jurnalistika deyil, rəqəmsal informasiya reketliyi idi.
Okeanın o tayından meydan oxumaq
Məlum cinayət işləri və rəqəmsal ifşalardan sonra Azərbaycanı tərk edib ABŞ-ın Virciniya ştatına köçən Baimov, bu gün fəaliyyətini okeanın o tayından davam etdirir. O, hazırda beynəlxalq rəqəmsal marketinq və reputasiya menecmenti (ORM) adı altında "izsilmə" xidmətləri göstərir. Bir zamanlar Azərbaycan mediasında qara piarın memarı olan birinin indi beynəlxalq müstəvidə "keçmişi təmizləmək" biznesi qurması rəqəmsal bir ironiyadır.
Maraqlıdır ki, Azərbaycanda qazandığı milyonlar hesabına təmtəraqlı həyat quran Baimov, son dövrlərdə dostu Adnan Əhmədzadənin həbsindən sonra qəfil "müxalifətçi" obrazına bürünüb. Sosial şəbəkələrdə sistemin qəzəbindən və problemlərin mənbəyindən danışaraq həbsləri siyasiləşdirməyə çalışması, onun növbəti manipulyasiya gedişidir.
Elnur Baimov rəqəmsal dünyadakı ustadlığını medianı ucaltmaq üçün yox, onu bayağılaşdırmaq və bir alətə çevirmək üçün işlətdi. Bu gün Azərbaycan mediası hələ də o dövrdən qalan "ucuz İP" və "reytinq xatirinə hər şey" xəstəliyindən qurtulmağa çalışır.
Səbuhi QAFAROV