AZ

Sübbuh Babayev:"Şəhidlik mənə qismət olmasa da yeganə oğlum Vüsala qismət oldu"



"Vüsal mənim hər şeyim, sanki yer üzünün bir mələyi idi. Amma tale belə gətirdi, onu itirdik. Vüsal orta məktəbi doğulduğu Pirallahıda bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verdi. Oranı zabit olaraq bitirdi. Bir müddət Bakıda xidmət etdi, xidmətini daha sonra Mingəçevirdə davam etdirdi. Müharibəyə Bakıdan getdi. Düz 30 gün döyüşdü, 31-ci gün şəhid oldu. Onun şəhid olduğunu eşidəndə yıxıldım, elə yıxıldım ki, sözlə deyiləsi deyil. Yeganə oğlum idi. İki körpə qızı yadigar qalıb. Atasız yaşayırlar, böyüyürlər. Vüsal arzulayırdı ki, dünyanı hər yerini gəzsin, Azərbaycanın hər nöqtəsində olsun. Amma ona qismət olmadı. Heç üzünü düz-əməlli görə bilmədik. Məzuniyyətə çıxırdı, axşam zəng vururdular ki, sabah hərbi hissəyə gəl. 45 günlük məzuniyyətinin heç bir həftəsini ailəsi ilə keçirə bilmirdi. Həmişə uzaqda idi, əvvəl düşünürdüm ki, bəlkə şəhid olmayıb, qayıdacaq. Amma indi tam əminəm ki, o, yoxdur, heç vaxt gəlməyəcək. Oğlumdan mənə acı xatirələr qaldı. Onu böyük əzab - əziyyətlə böyüdüb boya-başa çatdırmışdım, elə tərbiyə vermişdim... O zəhmətim mənə zəhərdən də acı gəlir. Yeganə bir oğul böyütdüm ki, onu da müharibə məndən aldı. Peşiman deyiləm, heyfslənmirəm. Çünki onu dövlət, torpaq millət, Vətən uğrunda qurban vermişəm. Müharibə də qurbansız olmur. Özüm də 1993-cü ildə döyüşmüşəm. Şəhidlik mənə qismət olmasa da yeganə oğlum Vüsala qismət oldu". Bu sözləri şəhid baş leytenant, Azərbaycan Bayrağı ordenli Vüsal Babayevin atası Sübbuh Babayev Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bö­lün­məz!" silsiləsindən 44 günlük Vətən mü­haribəsində həlak olanların ad­la­rının və xatirələ­ri­nin əbədiləş­di­rilməsi məqsədilə çap etdirdiyi "Şəhidlik and yeridir..." ki­ta­bının təqdimat mərasimində baki-xeber.com-a deyib. İradə SARIYEVA
Seçilən
44
baki-xeber.com

1Mənbələr