AZ

“Royal Express” nəqliyyat şirkətinin nümayəndəsi: Gürcüstan Orta dəhlizlə yük axınını artırmağa ciddi hazırlıq görür - ŞƏRH

Bakı, 13 may, AZƏRTAC

Poti limanı 2025-ci ildə təxminən 636.500 TEU yükdaşımalarını həyata keçirib və Orta Dəhlizdəki əsas Qara dəniz konteyner terminalı olaraq qalır. Burada konteyner daşımaları illik müqayisədə təxminən 17 faiz artır. Bakıda daha sürətli faiz artımına (+37 faiz) baxmayaraq, bu, oradakı təxminən 105.000 TEU ilə müqayisədə daha yüksəkdir. Bu, dəhliz zəncirində ən böyük konteyner həcminin əvvəlki kimi, Gürcüstan tərəfinə məxsus olduğunu göstərir.

Bu fikri AZƏRTAC ilə Gürcüstanın “Royal Express” nəqliyyat şirkətinin baş direktorunun müavini Laşa Amaşukeli Orta Asiyadan Orta Dəhliz boyunca artan yük axını ilə bağlı şərhində bölüşüb.

Onun sözlərinə görə, “APM Terminals Poti”nin (Gürcüstanın ən böyük konteyner terminalı – redaktorun qeydi) dərin su tutumunun genişləndirilməsi, xüsusən də yeni 2 nömrəli körpünün istifadəyə verilməsi strateji əhəmiyyət kəsb edir. Laşa Amaşukeli izah edir: “Təxminən 700 metr uzunluğunda və 13,5-14,5 metr suya oturma qabiliyyətinə malik yeni dərin su körpüsü 9000 TEU-ya qədər tutumlu gəmiləri qəbul edəcək və bu, Gürcüstanın Qara dənizdəki yükdaşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”.

Şirkət nümayəndəsi əlavə edib ki, təkcə birinci mərhələ üçün investisiya həcmi 250 milyon ABŞ dollarını keçib və bu, orta müddətdə illik təxminən 1 milyon TEU ötürmə qabiliyyətinə nail olmaq üçün təməl rolunu oynayacaq. Meqaport üçün uzunmüddətli vizyon 50 milyon tona və ildə 2 milyon TEU-ya qədər həcmə yönəlib.

“Buna görə də Gürcüstan əhəmiyyətli potensiala malikdir və Orta Dəhlizlə yük axının artırılmasına fəal şəkildə hazırlaşır”, - deyə gürcü nəqliyyatçı sözlərini yekunlaşdırıb.

Müxbir – Leyla Muradzadə

Seçilən
45
azertag.az

1Mənbələr