AZ

Moskva Bakıya ümidlidir – “Altılıq” qayıdır?

Rusiya Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin “Rusiya-İslam dünyası: Kazan Forumu” XVII Beynəlxalq İqtisadi Forumunda və XXIX Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcəyini gözləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS agentliyinə bildirib. O qeyd edib ki, Rusiya və Azərbaycan ənənəvi olaraq sıx təmas cədvəlini qoruyub saxlayır və hazırda yüksək səviyyəli səfərlərin həyata keçirilməsi müzakirə olunur.

Rusiya XİN-in Dördüncü departamentinin rəhbəri Moskvanın Cənubi Qafqaz üzrə “3+3” platformasının işinin davam etdirilməsində maraqlı olduğunu təsdiqləyib. “Əlaqələrin davam etdirilməsinə marağımız qalır. Platformanın fəaliyyətinin tezliklə tam bərpa olunmasını səbirsizliklə gözləyirik”, - deyə o vurğulayıb.

“3+3” platformasının bərpası mümkündürmü? Çünki bölgədə reallıqlar dəyişib.

Qabil

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, “3+3” platforması nəzəri baxımdan hələ də aktuallığını tam itirməyib, ancaq bölgədə son illərdə yaranan yeni geosiyasi reallıqlar bu mexanizmin əvvəlki formada işləməsini xeyli çətinləşdirib: “Ona görə də Moskvanın platformanı canlandırmaq istəyi ilə real siyasi vəziyyət arasında müəyyən fərq var. Əsas məsələ budur ki, platforma yarananda məqsəd Cənubi Qafqazda regional problemlərin region ölkələri tərəfindən həll edilməsi idi. Bu, xüsusilə də Rusiya və Türkiyə tərəfindən Qərbin bölgəyə təsirini balanslaşdırmaq vasitəsi kimi təqdim olunurdu. Amma indi vəziyyət dəyişib.

Birincisi, Gürcüstan faktiki olaraq platformada tam iştirak etmir. Tiflis Rusiya ilə münasibətlərə görə bu formata ehtiyatla yanaşır. Gürcüstan olmadan isə “3+3” mexanizmi əslində “2+3” və ya “3+2” xarakteri alır və regional tamlıq prinsipi zəifləyir. İkincisi, Ermənistan son dövrdə xarici siyasətdə ciddi dönüş etməyə çalışır. İrəvanın Avropa İttifaqı və NATO ilə yaxınlaşma siyasəti, eyni zamanda, Rusiyadan narazılığı Moskvanın təşəbbüslərinə əvvəlki kimi yanaşmamasına səbəb olur. Ermənistan artıq təhlükəsizlik baxımından yalnız Rusiyaya arxalanmaq istəmir.

Üçüncüsü, 2023-cü ildən sonra Qarabağ məsələsinin hərbi və siyasi baxımdan bağlanması bölgədə əsas münaqişə gündəmini dəyişib. Əvvəllər “3+3” platforması müəyyən mənada münaqişədən sonrakı regional sabitlik mexanizmi kimi təqdim edilirdi. İndi isə əsas məsələ kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və nəqliyyat marşrutlarıdır. Bu baxımdan Azərbaycan üçün platforma tamamilə mənasız deyil. Əksinə, Bakı region dövlətlərinin birbaşa dialoq mexanizmlərinə üstünlük verir. Xüsusilə nəqliyyat, enerji, Orta Dəhliz və Zəngəzur istiqamətində regional koordinasiya baxımından belə format faydalı ola bilər. Amma Azərbaycan üçün əsas prinsip yeni reallıqların qəbul edilməsidir. Yəni platforma əvvəlki kimi münaqişələrin idarə olunması yox, daha çox iqtisadi və logistika əməkdaşlığı platformasına çevrilməlidir”.

Politoloq hesab edir ki, “3+3” platformasının gələcəyi artıq siyasi şüarlardan yox, konkret regional maraqlardan asılı olacaq.

Etibar Seyidağa,
“Musavat.com”

Seçilən
35
musavat.com

1Mənbələr