AZ

Starmer istefa çağırışlarını rədd edir

İngiltərədə mayın 7-də keçirilən yerli seçkilərdə ciddi itkilər yaşayan hakim Leyborist Partiyasının lideri və Baş nazir Kir Starmer partiyası daxilində artan istefa təzyiqi ilə üzləşib.

"Cebheinfo.az" xəbər verir ki, Starmerin istefasını tələb edən Leyborist Partiyası deputatlarının sayının 80-i keçdiyi bildirilib. Partiyanın İcmalar Palatasında ümumilikdə 403 deputatı var.

Seçki nəticələrinin məsuliyyətini və vəd etdiyi dəyişiklikləri həyata keçirmək öhdəliyini üzərinə götürdüyünü deyən Starmer bildirib:

“Leyborist Partiyasında lideri vəzifədən uzaqlaşdırmaq üçün müəyyən prosedur var və bu proses hələ başlamayıb”.

Leyborist Partiyası yerli seçkilərdə təxminən 1 500 bələdiyyə məclisi yerini itirib. Buna qarşılıq miqrasiya əleyhinə mövqeyi ilə tanınan Reform UK Partiyası Leyboristlərin ənənəvi güclü bölgələrində ciddi uğurlar əldə edib.

Partiya həmçinin Uelsdə keçirilən parlament seçkilərində təxminən 100 ildən sonra ilk dəfə məğlub olaraq tarixi geriləmə yaşayıb.

Kabinetdə daxili işlər naziri Şabana Mahmudun da Starmeri istefaya çağıranlar arasında olduğu qeyd olunub.

İstefa tələb edən Leyborist deputatlardan Conatan Hinder bildirib:

“Heç bir Baş nazir bunu davam etdirə bilməz. Reallığı qəbul etməyin vaxtıdır, o gedir”.

BBC-yə danışan Hinder əlavə edib:

“Leyborist Partiyasının yeni liderə ehtiyacı var və ən önəmlisi ölkəmizin yeni liderə ehtiyacı var”.

Baş nazir Starmer mayın 11-də artan siyasi təzyiqləri azaltmaq məqsədilə çıxış edərək istefa verməyəcəyini bildirib.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr