AZ

“Taleyin ümidinə buraxılıb”

Dünya futbol əfsanəsi, argentinalı Dieqo Maradonanın ölümü ilə bağlı davam edən məhkəmə prosesində iki həkim onun vəfatından qısa müddət əvvəl yüksək təzyiq dərmanlarını qəbul etməyi dayandırdığını bildirib.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, paytaxt Buenos-Ayresin San-İsidro Cinayət Məhkəməsində keçirilən dinləmədə Maradonanı müalicə etmiş həkimlər onun ciddi ürək problemlərindən əziyyət çəkdiyini və dərmanların dayandırılmasının vəziyyətini daha da ağırlaşdıra biləcəyini qeyd ediblər.

Kardioloq Oskar Franko ifadəsində bildirib ki, Maradona 2020-ci ilin sentyabrında müalicə aldığı dövrdə “Losartan” adlı təzyiq dərmanından istifadə edirdi. Həkimin sözlərinə görə, bu preparatın qəbulunun dayandırılması ürək çatışmazlığı riskini artırır.

Daxili xəstəliklər üzrə mütəxəssis Markos Korrea isə noyabrın 2-də apardığı müayinə zamanı Maradonanın üç psixiatrik dərman qəbul etdiyini müəyyən etsə də, yüksək təzyiq üçün istifadə olunan heç bir preparata rast gəlmədiyini deyib.

Prokurorluq Maradonanın ev şəraitində aldığı tibbi yardımın yetərsiz olduğunu, onun vəziyyətinə lazımi nəzarətin edilmədiyini və vaxtında müdaxilə göstərilmədiyini iddia edir.

İttihama görə, futbolçunun sağlıq durumu ağır olsa da, tibbi heyət ona zəruri yardımı göstərməyib və faktiki olaraq taleyin ümidinə buraxıb.

Bu iş üzrə beyin cərrahı Leopoldo Luque, psixiatr Aqustina Kosaçov, tibb bacıları və səhiyyə koordinatorları daxil olmaqla yeddi nəfər mühakimə olunur.

Dünya futbolunun ən böyük simalarından biri sayılan Maradona 25 noyabr 2020-ci ildə Buenos-Ayresin Tiqre şəhərində xroniki ürək çatışmazlığı nəticəsində yaranan ağciyərlərdə maye yığılmasından vəfat edib.

Seçilən
14
vaxt.az

1Mənbələr