BP bu gün Özbəkistan Respublikasının "Şimali Üstyurd" regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulub.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, saziş “Boyterak”, “Terengquduq, “Birqori”, “Xaroy”, “Qoraqalpoq” və “Qulboy” bloklarını əhatə edir.
Sazişlər Daşkənddə keçirilən “Özbəkistan Neft-Qaz Konfransı 2026” çərçivəsində Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.
Qeyd edək ki, BP sazişin mövcud tərəfdaşlarının - SOCAR və “Uzbekneftegaz” SC, hər birindən 20% iştirak payı almaqla bu HPBS-yə ümumilikdə 40% payla qoşulub. bp-nin qoşulmasından sonra HPBS-də iştirak payları belədir: bp – 40%, “Uzbekneftegaz” SC – 30% və SOCAR (operator) – 30%.
HPBS ilkin olaraq 24 iyul 2025-ci il tarixində SOCAR, “Uzbekneftegaz” SC və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında imzalanmışdı. Hazırda layihə SOCAR-ın operator olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə öz ilkin mərhələsindədir.