AZ

Azərbaycana yad kimi gəldim, ömürlük dost kimi ayrılıram Səfir

ain.az, 525.az saytına istinadən bildirir.

"Dörd il yarım əvvəl Azərbaycana gəlməzdən öncə mənə demişdilər ki, sizin belə bir deyiminiz var: “Qonaq Allah qonağıdır.” Burada olduğum hər gün bunu hiss etmişəm". Odur ki, sözümə ölkənin hər yerində mənə göstərdiyiniz səmimiyyətə və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etməklə başlamaq istəyirəm. Bu yaxınlarda məndən Azərbaycanı bir sözlə ifadə etməyi xahiş etdilər. Mən “qonaqpərvərlik” sözünü seçdim.

525.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld jurnalistlərlə vida görüşündə deyib.

Səfir əlavə edib ki, Azərbaycana gəlməmişdən öncə bilirdim ki, ölkələrimiz onilliklər ərzində enerji, təhsil,

ticarət və investisiya sahələrində möhkəm əlaqələr qurublar. Amma birlikdə bununla

kifayətlənməyib, daha nə qədər irəli gedə biləcəyimizi təsəvvür etmirdim:

“Son dörd il nə region üçün, nə də dünya üçün asan olmayıb. Rusiyanın Ukraynaya qarşı

qanunsuz və barbarcasına tammiqyaslı işğalı mənim bütün fəaliyyət dövrüm ərzində – artıq

1531 gündür – davam edir. 2024-cü ilin aprelində Rusiyanın özünü “sülhməramlı”

adlandıran qüvvələrinin Qarabağdan çıxması mühüm və simvolik bir gün oldu. Bu müddət

ərzində Azərbaycanın Ukraynaya göstərdiyi siyasi və humanitar dəstəyi, o cümlədən

Prezident Zelenskinin son səfəri ilə təsdiqlənən əməkdaşlığın genişlənməsini yüksək

qiymətləndirirəm.

Son bir il ərzində iki dəfə Azərbaycanın cənub sərhədi boyunca müharibənin şahidi olduq.

Təkrar-təkrar baş verən təxribatlara baxmayaraq, Azərbaycan hökumətinin İranla

münasibətləri idarə etmək və gərginliyi azaltmaq istiqamətində göstərdiyi səyləri təqdir

edirəm.

Xüsusilə təsiredici olan isə Ermənistanla sülh istiqamətində əldə olunan irəliləyişdir. 2022-

ci ilin yanvarında Gəncəyə gəldiyim zaman 44 günlük müharibənin raket zərbələrinin izləri

hələ də şəhərdə görünürdü. Amma ötən həftə Prezident Ilham Əliyev İrəvanda keçirilən

EPC Sammitində Azərbaycan və Ermənistan arasında sülhün real olmağı ilə bağlı mühüm

mesajlar verdi. Bir neçə gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayev ikitərəfli

Sərhəd Komissiyasına həmsədrlik etmək üçün səfər etdi. Dayanıqlı sülh bütün tərəflərdən

uzun illər səbr və səylər tələb edəcək. Amma etiraf etməliyik ki, Azərbaycan artıq çox böyük

bir yol qət edib.

Burada olduğum müddətdə Böyük Britaniya və Azərbaycan bu mürəkkəb geosiyasi

mənzərədə birgə hərəkət edərək qarşılıqlı təhlükəsizliyimizi və rifahımızı möhkəmləndirib.

Bu dörd il ərzində peşəkar fəaliyyətimdə bir çox yaddaqalan məqamlar olub.

Ən qürurverici anım COP29 idi. Bakı indiyədək ev sahibliyi etdiyi ən böyük tədbiri – iqlim

dəyişikliyi kimi həyati əhəmiyyətli qlobal məsələ üzrə ən mürəkkəb danışıqları, çətin

geosiyasi şəraitdə – yüksək səviyyədə keçirdi. Azərbaycan bunu parlaq şəkildə bacardı və

Böyük Britaniya bu yolda onun yanında olmaqdan məmnun idi. Sir Kir Starmer tədbirdə

iştirak edərək Azərbaycana səfər etmiş ilk Britaniya Baş naziri oldu. Həmçinin yeddi

Britaniya naziri iki həftə ərzində Bakıya səfər etdi. İqlim

maliyyələşməsi üzrə danışıqlarda mühüm nəticələr əldə etdik”.

 Biznes, parlament və

vətəndaş cəmiyyəti nümayəndələri ilk Bakı İqlim Fəaliyyəti Həftəsində fəal iştirak etdilər.

Və əlbəttə, gənc COP29 könüllülərini heç vaxt unutmayacağam – onlar bu ölkənin nə qədər

işıqlı gələcəyi ola biləcəyini göstərdilər.

Səfir deyib ki, bu gün bir çox istedadlı gənc azərbaycanlı Böyük

Britaniyanın universitetlərində təhsil almağı seçir. Bəziləri Dövlət Təqaüdü, bəziləri isə

Chevening proqramı vasitəsilə. Ölkələrimiz arasındakı əlaqələr insanları birbaşa

birləşdirəndə daha da dərinləşir:

“Mən özüm Gəncədə bir ailənin yanında qalaraq Azərbaycan

dilini öyrənmək imkanı qazandım. Bu, unudulmaz bir təcrübə idi. Sonradan Böyük

Britaniya məzunları ilə yüzlərlə görüş keçirmişəm və onların da həyatlarını dəyişən

təcrübələrini dinləmişəm.

Təhsil bu illər ərzində mənim üçün əsas prioritetlərdən biri olub. Vorvik Universiteti ilə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bərpa olunan enerji sahəsində ilk

ikili magistr proqramı ilə qürur duyuram. İlk məzun qrupunun diplom alması cəmi iki həftə

əvvəl baş tutdu. Eyni zamanda, British Council hər il ölkə üzrə minlərlə ingilis dili müəllimi

və öyrənənə, minlərlə imtahan iştirakçısına dəstək göstərir və Azərbaycanın

universitetlərinə transsərhəd təhsil imkanlarını yerli səviyyədə qurmaqda kömək edir.

Son dörd il ərzində iqtisadi münasibətlərimiz də ardıcıl şəkildə inkişaf edib. Böyük Britaniya

artıq 30 ildən çoxdur ki, Azərbaycanın ən böyük birbaşa xarici investorudur. Səfirlik olaraq

biz iqtisadi şaxələndirməyə – təmiz enerji, infrastruktur, nəqliyyat və peşəkar xidmətlər

sahələrinə – xüsusi diqqət yetirmişik. Keçən il UK Export Finance tərəfindən dəstəklənən

ilk müqavilə çərçivəsində Silk Way West Airlines üçün alınmış uçuş simulyatorunda təyyarə

“idarə etdim” – bu dəfə pilot forması geyinməsəm də. Azərbaycan üçün nəzərdə tutulmuş 5 milyard funt sterlinqlik UK Export Finance xətti Britaniyanın Azərbaycanın iqtisadiyyatına

olan etimadının miqyasını və tərəfdaşlığımızın ambisiyasını əks etdirir”.

F.Auld söyləyib ki, ən unudulmaz anlarımdan bəziləri Qarabağ və Şərqi Zəngəzura səfərləri olub: “Keçən il Britaniya Ticarət Palatası ilə Şuşa və Laçında gözəl bir səfərdə oldum. Hər gəlişimdə yeni

inkişaflar və təzə ümid görmüşəm. Britaniya şirkətlərinin bu prosesin bir hissəsi olması ilə

fəxr edirəm. Chapman Taylor Qarabağda, Bakıda və artıq Naxçıvanda dünya səviyyəli

dizayn və baş planlaşdırma təcrübəsini təqdim edir. bp-nin Cəbrayıldakı “Şəfəq” günəş

elektrik stansiyası layihəsi isə həm təmiz enerji, həm də yeni iş yerləri yaradır və Səngəçal

terminalının dekarbonizasiyasına töhfə verəcək.

Əlbəttə ki, mina təmizləmə fəaliyyəti olmasaydı, Qarabağda heç bir inkişaf mümkün olmazdı. Britaniyanın mina təmizləmə şirkətləri və QHT-lərinin – o cümlədən hökumət proqramlarımızla dəstəklənən – birbaşa töhfəsi ilə fəxr edirəm. 2022-ci ildən etibarən biz beynəlxalq səylərə liderlik etdik və bu, səfirliyin indiyədək gördüyü ən vacib işlərdən biri oldu. Ağdam və Cəbrayılda mina axtaran itlər və siçovullarla tanışlıq mənim üçün şəxsi baxımdan da yaddaqalan an idi. Həmçinin milli mina təmizləmə komandalarına qadınların cəlb edilməsini fəal şəkildə dəstəkləmişik. Qadın mina təmizləyənlərə dəstək, eyni zamanda, burada fəaliyyətim dövründə Britaniya Səfirliyinin digər mühüm prioritetinə – gender bərabərliyi və qadınların iqtisadi imkanlarının artırılmasına – xidmət edir. Biz qadın vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları və BMT ilə sıx əməkdaşlıq etmişik. Bərdə, Tərtər və Ağcabədidə dəstək verdiyimiz Qadın Resurs Mərkəzlərində münaqişədən təsirlənmiş icmalardan olan qadın sahibkarlarla görüşmək, BMT, Dövlət Komitəsi və yerli icra orqanları arasında güclü əməkdaşlığı görmək xüsusilə sevindirici idi. Bu ortaq çağırışlar fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızın da əhəmiyyətli dərəcədə inkişaf etməsi ilə fəxr edirəm. Təkcə son bir ildə ilk dəfə daimi Müdafiə attaşesi təyin etdik, silah embarqosunu qaldırdıq, uzun illərdən sonra ən yüksək səviyyəli müdafiə səfərlərini təşkil etdik, Azərbaycanın qlobal Cyber Marvel təlimində iştirakını təmin etdik və indiyədək ən geniş Müdafiə üzrə İkitərəfli Əməkdaşlıq Planını razılaşdırdıq. Eyni zamanda, mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni ticarətlə mübarizə istiqamətində hüquq-mühafizə orqanlarımız arasında əməkdaşlıq gücləndirildi.

Bu dörd ilin bir neçə əsas məqamını bölüşdüm. Amma ən böyük hadisəni sona saxladım.

2025-ci ilin avqustunda Böyük Britaniya və Azərbaycan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldi. Bu, həm bu günə, həm də gələcəyə dair bir bəyanat idi. Artıq dərin, geniş və qarşılıqlı etimada əsaslanan münasibətlərimizin daha da inkişaf potensialına dair bir mesaj idi. Bu Strateji Tərəfdaşlıq üç əsas sütuna söykənir: müdafiə və təhlükəsizlik; ticarət və investisiya; innovasiya və təhsil. Britaniya Səfirliyindəki möhtəşəm komandamın və Azərbaycanlı tərəfdaşlarımızın bu əməkdaşlığı haralara aparacağını görmək üçün səbirsizlənirəm.

Azərbaycanla bağlı yaddaşımdan silinməyəcək çox şey var. Dağlar, Xalçalar, Çay, dolma, ləvəngi üçün çox darıxacam. Amma ən çox insanları üçün darıxacağam. Mən buraya bir yad kimi gəldim. Ömürlük bir dost kimi ayrılıram”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
525.az

1Mənbələr