AZ

AQTA: Bitki sağlamlığının qorunması qida təhlükəsizliyinin, ətraf mühitin və sağlam gələcəyin təmin olunmasıdır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

12 May – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə dünya ictimaiyyətinin diqqəti bir daha bitkilərin qorunmasının strateji əhəmiyyətinə yönəlir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən bu əlamətdar gün bitki sağlamlığının ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi və davamlı iqtisadi inkişaf üçün mühüm rolunu ön plana çıxarmaq məqsədi daşıyır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bitki sağlamlığı insan, heyvan və ətraf mühit sağlamlığı ilə birbaşa əlaqəlidir. Sağlam bitkilər təhlükəsiz və keyfiyyətli qida təminatının əsasını təşkil etməklə yanaşı, ekoloji tarazlığın qorunmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir.

Bu gün dünyada istehlak olunan qidanın 80 faizi və udduğumuz oksigenin 98 faizi bitkilər hesabına təmin edilir. Bununla yanaşı, hər il kənd təsərrüfatı məhsullarının 40 faizə qədəri müxtəlif zərərvericilər və xəstəliklər səbəbindən itirilir. Bu isə qlobal ərzaq təhlükəsizliyinə və iqtisadi sabitliyə ciddi təsir göstərir.

Qlobal ticarətin genişlənməsi, beynəlxalq daşımaların intensivləşməsi və iqlim dəyişiklikləri yeni fitosanitar risklərin yaranmasına səbəb olur. Zərərli orqanizmlərin yayılma coğrafiyasının genişlənməsi bitki sağlamlığının qorunması istiqamətində qabaqlayıcı tədbirlərin əhəmiyyətini daha da artırır.

“AQTA tərəfindən ölkə ərazisində bitki sağlamlığının qorunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirir. Bitki sağlamlığının qorunması qida təhlükəsizliyinin, ətraf mühitin və sağlam gələcəyin təmin olunmasıdır”, - deyə məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azertag.az

1Mənbələr