Gürcüstanın yeni seçilmiş katolikos-patriarxı III Şionun taxtaçıxma mərasimi baş tutub.
Mərasim Mtsxetadakı Svetitsxoveli kafedralında keçirilib. Təntənəli liturgiya zamanı yeni patriarxa vəzifəsinin simvolları təqdim edilib. Mərasimdə kilsə və hökumət nümayəndələri, o cümlədən hakim "Gürcü Arzusu" Partiyasının qurucusu Bidzina İvanişvili iştirak edib.
Qeyd edək ki, III Şio Gürcüstan tarixində 142-ci patriarx olub. Əvvəlki patriarx II İlya martın 17-də 93 yaşında vəfat edib.
Yeni patriax III Şio əvvəlki patriax II İlyanın yolunu davam etdirəcək, yoxsa fərqli yol tutacaq? Məsələ ilə bağlı həkim-politoloq, Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) sədri Zəlimxan Məmmədli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, III Şionun Gürcüstanın yeni patriaxı seçilməsi milli kimlik siyasəti və regiondakı geosiyasi balans baxımından da mühüm hadisədir:

“İlk öncə cənab III ŞİO-nun Gürcüstanda dini rəhbər seçilməsi münasibətilə təbrik edirəm. Gürcüstan milli-dini dəyərlər baxımından mühafizəkar dövlətdir. Mühafizəkar III Şionun seçilməsi təkcə dini yox, Gürcüstanın daxili siyasəti, milli kimlik siyasəti və regiondakı geosiyasi balans baxımından da mühüm hadisədir.
Gürcüstanda yaşayan azərbaycanlılar və ümumilikdə müsəlman icmalar üçün yaxın dövrdə mənfi yönlü dəyişiklik üçün hələlik ciddi əsas görünmür. Əsas məsələ budur ki, Gürcüstanda pravoslav kilsəsi sadəcə dini institut deyil, milli identiklik və dövlətçilik ideologiyasının əsas sütunlarından biridir. Bu səbəbdən patriarxın dünyagörüşü etnik və dini azlıqlara münasibətə dolayı təsir göstərə bilir”.
Z.Məmmədli əlavə edib ki, II İlya uzun illər ərzində daha balanslı model qurmağa çalışıb:
“Onun dövründə Gürcüstan kilsəsi zaman-zaman sərt millətçi ritorika nümayiş etdirsə də, dövlət səviyyəsində müsəlmanlara qarşı sistemli qarşıdurma xəttinə keçilmədi. Yeni patriarx III Şio isə daha konservativ və ideoloji baxımdan sərt fiqur kimi tanınır.
Bütün hallarda Gürcüstan – Azərbaycan münasibətləri üçün üst qatda siyasi institutlar tərəfindən balanslaşdırılırılma davamlı olsa, burada dini cərayanın daha radikal yanaşması mümkünsüz olur. Bu səbəbdən mümkün risk hər zaman müşahidə etdiyimiz daha çox “yumşaq təzyiq” formasında ola bilər”.
Z.Məmmədlinin sözlərinə görə, III Şionun Rusiya agenturasına yaxın olması ilə bağlı iddialar səsləndirilsə də, bu iddiaları təsdiqləyən hüquqi sübutlar yoxdur:
“Onun Moskva İlahiyyat Akademiyasında təhsil alması, Rus Pravoslav Kilsəsi ilə yaxın münasibətlərə açıqlığı, Gürcüstanın hakim dairələrinə yaxın fiqur kimi görülməsi bu cür iddiaların ortaya çıxmasına səbəb ola bilər. Agent iddiasını təsdiqləyən açıq hüquqi sübutlar yoxdur. Şio III Rus pravoslav-mühafizəkar xəttinə ideoloji simpatiyası olan fiqur təsiri bağışlayır.
Bunlara baxmayaraq, hesab edirəm ki, dövlətlərarası münasibətlər böyük ehtimalla qorunacaq və bəzilərinin iddialarına rəğmən soydaşlarımızın dini inancı və milli kimlik məsələsinə problem yaranmayacaqdır. Azərbaycan daha çox soydaşlarımızın təhsil səviyyəsinin yüksəlməsiə əlahiddə diqqət ayırsa, onların tamhüquqlu vətəndaş kimi var olmaları və inkişaflarına böyük töhvə verər”.
Qeyd edək ki, Mitropolit Şionun (Elizbar Muciri) 57 yaşı var. O, dini təhsilini Batumi İlahiyyat Seminariyasında alıb. Muciri sonra təhsilini Moskva İlahiyyat Akademiyasında və Müqəddəs Tixon İlahiyyat İnstitutunda davam etdirib.
2003-cü ildən bəri o, Senaki və Çxorotsku yeparxiyasına rəhbərlik edir. O, 2017-ci ildə II İlyanın qərarı ilə Gürcüstan Pravoslav Kilsəsinin patriarxal taxtının primatı təyin edilib.