ain.az bildirir, Cebheinfo portalına istinadən.
Ölkə başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır.
Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri də həyata keçiriləcək.
Yenilənəcək eskalatorların bəziləri texniki uyğunsuzluğla quraşdırılıb, digərləri isə artıq istismar müddətini başa vurmuş qurğulardır. Vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə həmin avadanlıqlar tamamilə yeniləri ilə əvəz olunacaq.
Yeni, müasir eskalatorlar bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE” şirkətinin istehsalı olacaq. Belə ki, hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər individual ölçü və texniki göstəricilərə uyğun olaraq zavod şəraitində xüsusi sifarişlə istehsal edilir.
Buna görə də, avadanlıqların istehsalı və çatdırılması üçün bir neçə ay vaxt tələb olunacaq. Bu səbəbdən də, quraşdırma işlərinə bu ilin payızında mərhələli şəkildə başlanılması planlaşdırılır. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək.
Qeyd edək ki, paytaxt sakinləri dəfələrlə müxtəlif yerüstü və yeraltı piyada keçidlərində eskalatorın, bəzi liftlərin işləmədiyindən şikayətləniblər. Hətta bir sıra eskalatorlar uzun müddətdir ki, nasazdır və vətəndaşlar pilləkanlardan istifadə etməli olurlar.
Həmin problemlər yalnız mərkəzdən kənarda yerləşən keçidlərdəki eskalatorlara deyil, şəhərin mərkəzindəkilərə də şamil olunur. Uzun müddətdir ki, çalışmayan bu eskalatorların bir çoxunda isə zibilin toplandığının şahidi oluruq.
Yenilənmədən sonra Bakıda yerüstü və yeraltı piyada keçidlərindəki eskalator və liftlər davamlı işləyəcəkmi?
Bakı Şəhər Lift Təmir İstehsal Birliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər artıq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib: “İcra hakimiyyətinin balansına verildiyinə görə, yəqin ki, işləyəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.