Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Böyük Britaniyanın nüfuzlu nəşri "Global Brand Magazine" tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə "İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası" nominasiyası üzrə qalib elan olunub.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi "Vahid Mədəniyyət Reyestri" informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edib.
Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, "MyCulture" vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.