AZ

Rasim İldırımzadənin işi: Müstəntiq ifadə verdi, təqsirləndirilənlər vaxt istədi - MƏHKƏMƏ

BAKI, 12 may. TELEQRAF

Rasim İldırımzadənin işi: Müstəntiq ifadə verdi, təqsirləndirilənlər vaxt istədi - MƏHKƏMƏ
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlər elan edilib.
Təqsirləndirilən şəxslərin həbsdən azad olunması ilə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə sənədlərin alınması barədə sorğunun cavabı açıqlanıb.
Daha sonra işin istintaqını araşdıran müstəntiqi Kamran Əliyev ifadə verib. Qərarlarda iltizam alınması ilə bağlı imzaların yazılmasında fərqli olması mexaniki səhv olub.
Daha sonra məhkəmə istintaqı tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün söz dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı fevralın 10-da etdiyi çıxışını müdafiə edib və həmin çıxışının qüvvədə olduğunu deyib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etməyə başlayıblar. İlk olaraq təqsirləndirilən Qoşqar Məmmədovun vəkili müdafiə nitqi ilə çıxış edib. Vəkil deyib ki, müvəkkilinin ziyanın qismən ödənilməsinin nəzərə alınmasının və onun barəsində azadlıqdan məhrum etmə ilə olmayan cəzanın təyin olunmasını xahiş edib.
Digər təqsirləndirilən Zaur Mirzəzadənin vəkili isəmüvəkkilinin əməlini Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməsini, onun 10 min manat ziyanın ödənilməsinin nəzərə alınmasını istəyib. Vəkil deyib ki, müvəkkilinin xüsusi ilə külli miqdarda dələduzluq etməsi barədə heç bir iştirakı olmayıb.
Rasim İldırımın da vəkili müvəkkilinin yaşlı olmasının nəzərə alınmasını, ona həbislə olmayan cəzanın verilməsini təklif edib.
Rasim İldırım isə ziyanın ödənilməsi üçün onlara vaxt verilməsini istəyib. Həmçinin onlar son sözə hazırlaşmaq üçün vaxt istəyiblər. Həmçinin barışıq olunması üçün addımlar atacaqlarını söyləyiblər. Onlar ziyanın ödənilməsi üçün ciddi addımlar atacaqlarını bildiriblər.
Hakim isətəqsirləndirilən şəxslərə bir həftə, sonuncu dəfə vaxt verildiyi deyib.
Növbəti proses mayın 25-də davam edəcək.
Qeyd edək ki, sonuncu iclasda məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edilib. Buna səbəb isə iş materiallarında olan bəzi sənədlərdə qaranlıq məqamların qalması ilə bağlı olub.
Məlum olub ki, təqsirləndirilən şəxslərin həbsdən buraxılandan sonra müvafiq digər qətimkan tədbiri seçilib.Müvafiq qətimkan tədbiri seçilməsi ilə iltizama imza edilməsi sənədləri arasında tarix fərqlidir.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilən şəxsin 12 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror çıxışında təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğvini və məhkəmə zalından həbs edilməsini təklif edib.
İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.
Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanovadır.
Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırım qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib.
Rasim İldırım Zaur Mirzəzadəni isə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.
İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımın adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldandığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırım, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.
Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

Seçilən
23
4
teleqraf.com

5Mənbələr