Meşədə ayı ilə qarşılaşma anı bir çoxları üçün ən böyük qorxu olsa da, illərdir bildiyimiz bəzi qorunma üsulları əslində həyatımızı daha çox təhlükəyə ata bilər.
Axtarış-xilasetmə mütəxəssisi Yana Vilçinskaya bu mövzuda kök salmış səhv təsəvvürləri ifşa edib.
Xilasedici bildirir ki, ayı ilə üz-üzə gələndə özünü ölü kimi göstərmək ən böyük səhvlərdən biridir. Ayılar canlının qoxusunu bir neçə kilometr məsafədən ayıra bildiyi üçün bu hiylə heç bir nəticə vermir, əksinə vəziyyəti ağırlaşdırır.
Bundan başqa, heyvanı qışqıraraq qorxutmağa çalışmaq və ya istiot qazından istifadə etmək onu daha da qəzəbləndirə bilər. Mütəxəssisin sözlərinə görə, ayıdan qaçmaq və ya ağaca dırmanmaq da xilas yolu deyil, çünki bu heyvanlar həm sürətlə qaçır, həm də ağaca dırmanmağı bacarır.
Əslində ayıların insanlara hücum etməsi çox nadir hadisə hesab olunur. Vilçinskaya qeyd edir ki, əksər hallarda heyvan insanı gördükdə özü ərazidən uzaqlaşmağa üstünlük verir.//Demokrat.az